"WHİTELİST" İDDİASI: MİDA mənzillərini "xüsusi İP-lər" alır? - FOTOFAKT
“Sistem açıldıqda bütün mənzillərin artıq “tutulmuş” olması prosesi tamamilə şəffaflıqdan uzaq göstərir”.
Bunu adının çəkilməsini istəməyən şikayətçi Yenicag.az-a bildirib:
“Sistem açıldıqda bütün mənzillərin artıq ‘tutulmuş’ olması prosesi tamamilə şəffaflıqdan uzaq olduğunu göstərir.”
Şikayətçi qeyd edir ki, rəsmi satış başladığı dəqiqələrdə sistem çöküb. Mənzil İnşaatı Dövlət Agentliyin rəsmi sosial şəbəkə hesablarında, həm də digər paylaşımlarda istifadəçilərin kütləvi şəkildə sistemə daxil ola bilməməsi barədə şikayətlər həddən artıq çoxdur.

“Vətəndaşların böyük hissəsinin öz hesablarına belə daxil ola bilmədiyi halda mənzillərin necə saniyələr ərzində bitməsi suallar doğurur,” deyə şikayətçi bildirib.
Həmçinin, sosial şəbəkə üzərində yaradılan paylaşımların rəylərinə yazılan mesajlar xüsusi diqqət çəkir. Belə ki, rəylərdə bir çoxu sistem üçün “whitelist” (prioritet siyahı) hazırlandığını iddia edir.
İddiaya görə, kimlər üçünsə əvvəlcədən prioritet təyin olunub və həmin şəxslərin İP adresləri sözügedən siyahıya əlavə edilib. Bununla da onların mənzil seçimini rahat edə bilməsi üçün xüsusi şərait yaradıldığı qeyd edilir.
Lakin yaranan etirazlar və iddialar fonunda hələ də MİDA-dan rəsmi açıqlama yoxdur. Bir çox media nümayəndəsi vəziyyətlə bağlı qurumun mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsa da, onları cavablandıran olmayıb.
Qeyd: Yenicag.az olaraq, mövqe bitərəfliyi prinsipinə əsaslanaraq, sözügedən qurumun da mövqeyini dərc etməyə hazırıq.
Camal Cavanşir












