MOBİL BAZARDA QANUN POZUNTUSU: "Azercell" dileri "YANAN NÖMRƏ" bərpasını məcburi satışa çevirdi
Yenicag.az redaksiyasına daxil olan şikayət “Azercell”-in rəsmi satış nöqtələrindən birində istehlakçı hüquqlarının pozulması barədədir.
Şikayətçinin sözlərinə görə, texniki səbəbdən aktivsizləşən (yanan) nömrəsini bərpa etmək üçün Azercell-in Siyəzən rayonundakı dilerinə müraciət edib. Lakin nömrənin yenidən aktivləşdirilməsi qarşılığında mağaza əməkdaşları qeyri-qanuni bir şərt irəli sürüblər.
Şikayətçi bildirir ki, nömrənin bərpası üçün məndən mütləq 15 manatlıq paket satınalması və ya balansı o məbləğdə artırmağım tələb edildi:
“Nömrəm sadəcə sıradan çıxmışdı. Mağaza isə dedi ki, minimum 15 manat ödəniş etməsəm, xidmət göstərilməyəcək. Bu, açıq-aşkar şəkildə məcburi satışdır və qanunsuz tələbdir.”
Qanunvericiliyə görə, mobil operatorların müştərilərə xidmət göstərərkən əlavə məhsul və ya xidmət satışını məcbur etməsi qadağandır. Tətbiq olunan bu praktika “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna ziddir.
Qeyd: Mövqe bitərəfliyi prinsipinə əsaslanaraq, “Azercell” şirkətinin və ya adı çəkilən diler məntəqəsinin bu iddialara qarşı mövqeyini dərc etməyə hazırıq.
Samir Məcid












