“Bilirik ki, İsrail və Türkiyə dövlətləri arasındakı münasibətlərin əsası 1949-cu ilin mart ayında qoyulmuşdu. Sonradan isə dəfələrlə münasibətlərdə soyuqluqlar yaşandı. Son 14 il idi ki, İsrail-Türkiyə münasibətləri tarixi durğunluq dövrünü yaşayırdı”.
Bu fikirləri İsrail Prezidenti İsaak Hersokun Türkiyə səfərini və Rəcəb Tayyib Ərdoğanla mətbuat konfransında verilən müsbət mesajları dəyərləndirən siyasi şərhçi Tehran Orucoğlu Yenicag.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, münasibətlərin normallaşması Azərbaycanın təşəbbüsüdür:
“Hər iki ölkə də Azərbaycanın tərəfdaşıdır. Bizim həm İsrail, həm də Türkiyə ilə sıx dostluq, humanitar, siyasi əlaqələrimiz mövcuddur. Hər iki ölkə ilə ayrılıqda münasibətlərimizdən bəhs etsək, saatlar lazımdır. Çünki həm İsrail, həm də Türkiyə Azərbaycanın önəmli tərəfdaşıdırlar. Dünyada gedən proseslərə nəzər salsaq, görərik ki, bu gərginlik içərisində müttəfiqlik və dostluq əlaqələri qurmaq elə də asan deyil. Bu xüsusda Türkiyə-İsrail münasibətlərinin normallaşması siyasi sifariş kimi qəbul edilə bilər.
14 illik münasibətlərin normallaşmasında isə Azərbaycanın rolu olduqca böyükdür. Nəzər yetirsək. görərik ki, bu gün Rusiya və Ukrayna xarici işlər nazirləri Antalyada, yəni Türkiyədə bir araya gələcəklər. İsrail Prezidenti Türkiyədədir və Azərbaycan Prezidenti də Türkiyə Cümhuriyyətində rəsmi səfərdədir. Bunların heç biri təsadüf deyil. Regionda sülhü və istiqrarı iki qardaş – Türkiyə və Azərbaycan müəyyənləşdirir. Həmçinin Türkiyənin İsraillə münasibətlərin normallaşmasında Azərbaycan Prezidentinin önəmli rolu var. Biz sadəcə etibarlı tərəfdaşlarla yolumuza davam edəcəyik. Bu gün bu təməllər uğurla atılır. İsrail-Türkiyə münasibətlərinin normallaşması isə regiona yeni nəfəsin gətirilməsi deməkdir”.
Aqil Bəkir
www.yenicag.az