İsrail üçün bu plan ORTAYA ATILDI – 47 il öncə İMZALANMIŞDI...
“İkinci Kemp-Devid sazişi imzalanacaq”.
Bu fikri Fələstin dövlətinin tanınması yönündə atılan addımlar, İsrailin buna sərt reaksiyası və gözlənənləri Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
O, bildirib ki, Netanyahu hakimiyyətini itirəcək:
“Böyük Britaniya, Portuqaliya, Avstraliya və Kanada Fələstini dövlət kimi tanıdı. 193 dövlətdən 150-dən çoxu Fələstini dövlət kimi tanıdıqlarını bəyan etdi. Fransa da bildirdi ki, BMT-nin 80 illik yubileyində bu məsələ ilə bağlı qərarını elan edəcək. Proses ikitərəfli gedir. Bir tərəfdən, BMT-yə üzv olan dövlətlər 1967-ci ildə yaradılması nəzərdə tutulan Fələstini tanıyır. Digər tərəfdən isə Qəzza bölgəsində İsrail hərbi əməliyyatlara start verib”.
O, diqqətə çatdırıb ki, Fələstin iki hissədən ibarətdir:
“Bir tərəfdə Qəzza, digər isə İordan çayının qərb sahili. İordan çayının qərb sahilindəki Fələstinin 40-50 faizi Fələstin administrasiyasının, 40-50 faizi də İsrailin nəzarətindədir. Faktiki olaraq İordan çayının qərb sahilinin yarısı da İsrailin nəzarətindədir. İndi isə onlar Qəzzanı tamamilə götürmək istəyirlər”.
Y. Bağırzadənin fikrincə, İsrail bəyan edir ki, Fələstini dövlət kimi tanımayacaq:
“ABŞ həmişəki kimi çoxluğa tabe olur. Yəni Vaşinqton məcbur olub Fələstini tanıyacaq və Netanyahu ABŞ-nin razılığı ilə hakimiyyətdən gedəcək. Qəzzada artıq siyahıya alma gedir. Oradakı əhalinin hər birinə 5 min dollar verib, başqa ölkəyə yerləşdirmək istəyirlər. Əvvəl 2 milyon insan yaşadığı deyilirdisə, indi bu sayın 1 milyon olduğu deyilir. Netanyahu hakimiyyəti getməlidir, yerinə başqa bir gəlməlidir. Ərəb dövlətləri ilə də yeni anlaşma olacaq. 1978-ci il 17 sentyabrında Kemp-Devid sazişi imzalanmışdı. Görünən odur ki, ikinci Kemp-Devid sazişi də imzalanacaq”.
Səxavət Məmməd