İsrailin "böyük dövlət" planı Trampı dalana dirədi – İrandan geri addım gözlənilir?
“Tramp nə yəhudi lobbisindən götürdüyü öhdəlikdən imtina edə bilir, nə də daxili auditoriyanın təzyiqinə dözə bilir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azad Məsiyev bildirib.

Şərhçi ABŞ lideri Trampın seçim qarşısında qaldığını və vəziyyətdən sülhə gedərək “qalib” görüntüsü yaratmaqla çıxmağa çalışdığını qeyd edib:
“ABŞ-da prezidentin seçilməsində ümumdünya yəhudi lobbisinin müstəsna xidmətləri olur. Xüsusilə də, Trampın növbəti dəfə prezident seçilməsində yəhudi lobbisi həm maliyyə, həm də siyasi baxımdan ona dəstək olub. Bu baxımdan Trampın yəhudilər qarşısında mənəvi borcu var. Ona görə də İsraildən hansı təklif gəlirsə, Tramp gözünü yumaraq dəstək verir. İran məsələsində yaranmış hazırkı situasiya isə fərqlidir. Trampa qarşı həm beynəlxalq, həm də daxili auditoriyadan təzyiqlər mövcuddur. Trampın apardığı İran əməliyyatları da məhz İsrailin təkidinə razılıq verməsi nəticəsində baş tutmuşdu. Lakin aparılan əməliyyat fiaskoya uğradı. Həm Amerikanın beynəlxalq imicinə böyük zərbə dəydi, həm də daxili auditoriyada nüfuzu sürətlə düşdü. Hazırda Trampın reytinqi 30%-ə enib. Qarşıda konqres seçkiləri gəlir. Seçkidə “respublikaçılar” məğlub olarsa, Trampın impiçment məsələsi gündəmə gələ bilər. Hazırda İranla əlaqədar konqresdə müəyyən dinləmələr gedir. İş o yerə gəlib çatıb ki, “respublikaçılar”ın nümayəndələri də “demokratlar”a dəstək verməkdədirlər. Buna görə də, əməliyyat fiaskoya uğradığı üçün Tramp taktiki gediş etmək fikrindədir. İranla razılığa gəlməklə bunu qələbə kimi Amerika ictimayətinə təqdim etməyi planlaşdırır”.
Politoloq bildirir ki, İsrail isə bu məsələyə fərqli yanaşır:
“İsrailin məqsədi “Böyük yəhudi dövləti” yaratmaqdır ki, bunun üçün də İranı neytrallaşdırmalıdır. İran bu məsələdə İsrailin ən böyük problemidir. İran Suriya, Livan və digər dövlətlərə qarşı apardığı müharibədə həmin dövlətlərə dəstək verməklə İsrailin qarşısını almağa çalışır. İsrailin baş naziri də açıq bəyan etmişdi ki, onlar guya vəd olunmuş torpaqları əldə edəcəklər. Bu torpaqları isə qonşu dövlətləri işğal etməklə həyata keçirə bilərlər. Sırf buna görə İsrail öncə İranı qarşısından qaldırmalıdır. Ona görə də onlar Amerikaya açıq təzyiq etməklə İran əməliyyatlarının yenidən davam etməsini istəyirlər. Tramp isə dilemma qarşısında qalıb. Bir tərəfdən yəhudi lobbisindən götürdüyü öhdəlik, digər tərəfdən isə Amerikanın NATO müttəfiqləri ilə üzbəüz qalmaq dilemması qarşısında seçim etməlidir. Dalana dirənən Tramp “pat” vəziyyətinə düşərək çıxış yolu axtarır. Nə yəhudilərə qarşı çıxa bilir, nə də daxili auditoriyanın əksinə hərəkət edə bilir. Hazırda o, çalışır ki, yeni situasiya yaradıb özünü qalib kimi qələmə versin”.
Nurlan Cəfəri













