İSTAD-dan möhtəşəm Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü tədbiri - FOTO
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Azərbaycanın Qarabağ Zəfərinin beşinci ildönümü münasibətilə İstanbulda tədbir keçirilib.
İstanbul Türkiyə–Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi (İSTAD) tərəfindən təşkil olunan tədbirdə Türkiyə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, alimlər və qonaqlar iştirak ediblər.
Proqram Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsinə bir dəqiqəlik sükutla və hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən İSTAD sədri Səfər Karakoyunlu Qarabağ Zəfərindən sonra milli bayramların daha böyük qürurla qeyd edildiyini vurğulayaraq, Azərbaycanın haqlı mövqeyinə verdikləri dəstəyin davam edəcəyini bildirib.
Karakoyunlu, Türkiyə–Azərbaycan qardaşlığının Çanaqqaladan Bakıya və Qarabağa uzanan tarixi bir birlik olduğunu qeyd edib.
Türk–Azərbaycan Dərnəkləri Federasiyasının sədri Adalat Turan iki ölkə arasındakı həmrəyliyin əhəmiyyətinə diqqət çəkib.
TBMM Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri və millət vəkili Şamil Ayrım Şuşa Bəyannaməsi ilə Zəngəzur dəhlizinin strateji əhəmiyyətini önə çəkib.
KKTC millət vəkili Zorlu Töre isə Qarabağ Zəfərinin Türk dünyası üçün tarixi bir dönüş nöqtəsi olduğunu qeyd edib.
Ataşehir kaymakamı Bekir Tınkırcı da çıxışında Türkiyə–Azərbaycan qardaşlığından bəhs edib.
Proqram türkiyəli və azərbaycanlı sənətçilərin çıxışları ilə başa çatıb.












