FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb.
Yenicag.az xəbər verir ki, Azərbaycan yığması bu gün açıqlanan siyahıda 13 pillə geriləyib.
DÇ-2018-in seçmə mərhələsində Norveçə 0:2 hesabı ilə uduzan, ardınca San Marinonu 5:1 hesabı ilə yenən Azərbaycan yığması böyük xal itkisi ilə üzləşib. Uğursuz çıxış xal hesabımızı 427-dən 388-ə qədər azaldıb. Buna görə də komandamız mövqeyini də əldən verib. Ötən ay 79-cu olan yığmamız yeni siyahıda 92-ci yerdədi.
Seçmə mərhələdə yığmamızla bir qrupda qərarlaşan komandalara gəlincə, Almaniya 1-ci (1606 xal), Şimali İrlandiya 20-ci (945), Çexiya 58-ci (630), Norveç 73-cü (472), San Marino isə 204-cüdü (10).
İlk onluqda qərarlaşan komandalar isə bunlardı: 1 (2). Almaniya – 1606, 2 (1). Braziliya – 1590, 3 (6). Portuqaliya – 1386, 4 (3). Argentina – 1325, 5 (9). Belçika – 1265, 6 (5). Polşa – 1250, 7 (4). İsveçrə – 1210, 8 (10). Fransa – 1208, 9 (7). Çili – 1195, 10 (8). Kolumbiya – 1191.
Qonşu Türkiyə yığması 33-cü yerdən 27-ciyə yüksəlib. “Ay-ulduzlular”ın hesabında 842 xal var.
Bu ayın ən yaxşı göstəricisi 47 pillə irəliləyərək 67-ci sıraya yüksələn Kape Verdeyə məxsusdu. Ən pis göstəriciyə Qvatemala imza atıb – 31 pillə geriləyən bu ölkə 131-ci sıraya düşüb.
Qeyd edək ki, növbəti reytinq siyahısı oktyabrın 16-da açıqlanacaq.
www.yenicag.az