“O şəxslər lazımsız və neqativ fikirlərdən uzaq olmalı, qarşılarına hədəflər qoymalıdılar”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə tətbiq olunan karantin rejiminin cəmiyyətdə yaratdığı psixoloji gərginliyi şərh edən psixoloq-təlimçi Vüsalə Əmiraslanova deyib.
Vüsalə Əmiraslanovaya görə, mövcud vəziyyətdə insanların psixologiyasına yönəlik mənfi təsirlərin artması problemi daha da dərinləşdirir:
“İntihara yol açan amillər fərqlidir. Onlardan biri mövsüm dəyişiklikliyidir. Xüsusən də sentyabr, oktyabr, mart və aprel aylarında bu neqativ hala sıx rast gəlinir.
Mövcud şəraitdə isə bu amillərin sırasına koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi də əlavə olunub. Əksər insanlarda demotivasiya yaranıb, gələcəklə bağlı ümidləri qeyri-müəyyən olduğu üçün qarşılarına hədəf qoya bilmirlər.
Bəziləri işsizlik və insani münasibətlərdəki problemlər səbəbindən gərgin vəziyyətə düşdülər. Evdə müəyyən problemləri olan şəxslər ailə üzvləri ilə bir yerdə daha çox qaldılar və problemlər daha da böyüdü. Eyni zamanda, yeniyetmələr bu vəziyyətdə imtahan stressi yaşadılar”.
Vüsalə Əmiraslanova hesab edir ki, intihar hallarının qarşısının alınmasında əsas iş insanların üzərinə düşür:
“İntihara cəhd edən şəxslərdə özünəinamın gücləndirilməsi vacibdir. O şəxslər lazımsız və neqativ fikirlərdən uzaq olmalı, qarşılarına hədəflər qoymalıdılar. Əgər təkbaşına özlərində güc toplaya bilmirlərsə, bu halda psixoloq və ya psixoterapevtə müraciət edə bilərlər”.
Gülşən Şərif
www.yenicag.az