EKTİS-də 600 min hektara yaxın sahə üzrə payızlıq əkinlər bəyan edilib

media-hightechnic-468x90

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində payızlıq əkinlərin və çoxillik əkmələrin bəyanı davam edir. Bəyan prosesində əsas ağırlıq payızlıq əkinlərin üzərinə düşür.

“Yenicag.az” xəbər verir ki, taxıl səpinini başa çatdırmış fermerlər EKTİS-də öz şəxsi kabinetlərini aktivləşdirərək, torpaq üzərində mülkiyyət sənədlərini və əkin məlumatlarını sistemə daxil edirlər.

Qeyd edək ki, EKTİS-də payızlıq əkinlərin bəyan prosesinə sentyabrın 1-dən start verilib. Dekabrın 8-dək ölkə üzrə taxıl səpinini başa çatdırmış 213.048 fermer öz əkinlərini EKTİS-də bəyan edib. Fermerlər tərəfindən bəyan edilən əkin sahələrinin ümumi həcmi 599.803 hektardır.

Öz əkinlərini bəyan etmək istəyən fermerlərə bölgələrdə fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində texniki dəstək göstərilir. Fermerlər məlumat bölməsindən müvafiq sıra növbəsi götürərək xidmət pəncərələrinə yaxınlaşaraq sənədlərini DAİM əməkdaşlarına təqdim edir, əməkdaşların köməyi ilə payızlıq əkinlərin EKTİS-də bəyan prosedurunu tamamlayırlar.

Xidmət pəncərələrinə yaxınlaşan fermerlərə əkinlərin bəyan proseduru, aqrokimyəvi analizlərin verilməsi qaydası, aqrar sığorta tələbi, monitorinqlərin keçirilməsi, subsidiyaların ödəniləcəyi tarixlər barədə geniş məlumat verilir.

Nazirlik tərəfindən bölgələrdə payızlıq əkinlərin bəyanı ilə əlaqədar məlumatlandırma sessiyaları davam edir. Fermerlər həmçinin aqrar sahəyə dövlət dəstəyi mexanizmləri, bu sahədə tətbiq olunan yeni qaydalar, Aqrar Subsidiya Şurasının 2026-cı təsərrüfat ili üçün qəbul etdiyi qərarlar barədə məlumat əldə edirlər.

İsmayıllı rayonunda keçirilən müvafiq məlumatlandırma sessiyası zamanı fermerlərin aqrar sahənin subsidiyalaşdırılması mexanizmləri, növbəti təsərrüfat ilindən tətbiq olunacaq əkinləri dincə qoymaq subsidiyası və digər sualları cavablandırılıb. Qeyd olunub ki, dekabrın 8-dək İsmayıllı rayonu üzrə 4.594 fermer artıq 10.944 parsel üzrə öz əkinlərini bəyan ediblər. Onlardan 9.665 parsel üzrə subsidiya almaq üçün elektron müraciət edilib, 1.329 parsel üzrə isə elektron müraciət hələ formalaşmayıb.

Əkin bəyanları rayon üzrə ümumilikdə 19.021 hektar sahəni əhatə edir.

Fermerlərə monitorinqlər başa çatdıqdan sonra gələn ilin fevral ayından başlayaraq payızlıq əkinlərə görə subsidiyaların ödənilməsinə başlanacağı barədə məlumat verilib.

Qeyd edək ki, respublika üzrə payızlıq əkinlərin bəyanı prosesi dekabrın 30-da başa çatacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa