Azərbaycan ədəbiyyatının Türkiyədəki tərcüməçisi və tədqiqatçısı, filologiya elmləri doktoru Yusif Gədiklinin APA-ya müsahibəsi
– Təxminən 2 il əvvəl APA-ya müsahibə verəndən sonra Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən Sizə zəng edərək Hüseyn Cavidin 4 cildliyini Türkiyədə çap etdirməyiniz üçün maddi dəstək veriləcəyi bildirilmişdi. Dəstək verildimi?
– Azər Turanın çap etdirdiyi kitaba Cavidin əsərlərinin əksəriyyəti daxil edilib. Məncə, Türkiyə üçün o kitab kifayətdir. Azərbaycanın əsas məqsədi də o idi: Cavidin kitabı çıxsın, kitabxanalara verilsin, axtaran tapa bilsin. Kitab Azərbaycanın istəyini yerinə yetirdi.
– Kitabxanalara verildi, bəzi mütəxəssislərə də göndərildi. Sizcə, Hüseyn Cavidin Türkiyədə tanıdılması üçün kifayət edirmi?
– Universitet tələbələrinə tanıtdırmazsan, onsuz da tanınmayacaq. Müəllimlərdən isə maraqlananlar tanıyacaq. Geniş oxucu kütləsinin tanıması üçün uzun müddətli sistematik iş aparmaq lazımdır.
– Sovet hakimiyyətinin son dönəmlərində Namık Kamaldan başlayan ədəbi-fəlsəfi prosesin bütöv şəkildə tədqiq edilməsi və Əbdülhəq Hamid, Tofiq Fikrət, Hüseyn Cavid, Məhəmməd Hadinin eyni məcrada araşdırılmasının lüzumundan bəhs edilirdi. Türkiyədə və ya Azərbaycanda bu cür araşdırmalar meydana çıxdımı?
– Heç zənn etmirəm. Deyilən söz doğrudur: bu proses Namik Kamalla başlayır və onun təsirlərini Azərbaycanda, Krımda, Tatarıstanda gördük. Daha sonra Tofiq Fikrət meydana çıxır, onun da təsirini eyni coğrafiyada görürük. Nazım Hikmət ayrı bir fenomendir. Türkiyə, Azərbaycan, Krım, Tatarıstan, Orta Asiya – bu yazar-filosofların geniş coğrafiyiya fikir və düşüncə baxımından göstərdikləri təsiri və o coğrafiyalardan yüksəlmiş səsləri bütöv halda araşdırmaq lazımdır. İndiyə qədər bu şəxsiyyətlərin hamısının eyni mikroskop altında araşdırılmasına cəhd edənlər olmadı. Mən işi məmnuniyyətlə görmək istəyərəm, ancaq hal-hazırda başqa mövzular üzərində çalışdığıma görə, o işə vaxt ayıra bilmədəyimə təəssüflənirəm. Bu iş görülməlidir, görülsə, çox faydalı olacaq. Elə vaxtlar olub ki, Namık Kamal, Tofiq Fikrət oralara təsir göstərib, elə vaxtlar olub ki, Hüseynzadə, Ağaoğlu buralarda böyük təsir gücü yaradıblar. Bunlar çox təbii şeylərdir. Dil eynidir, duyğu düşüncə çox yaxındır, təbii proseslərdir. İndiyə qədər bu cür araşdırmaların olmaması təəssüf doğurur.
– “Nazim Hikmət fenomeni” dediniz. Türkiyədə hələ də milliyyətçi və mühafizəkar təbəqə Nazim Hikməti “ateist, vətən xaini” kimi görür. Sizcə, o təbəqənin bu yanaşması nə vaxtsa aradan qalxacaqmı və ya yumşalacaqmı?
– Var olan bir şeyi yox saymaq olmaz. Biz Nazimi hər şeydən əvvəl bir şair kimi dəyərləndirməliyik, yaşadığı dövrün şərtlərini hesaba qatmalıyıq, keçmişə anaxronizm kimi baxmamalıyıq. Nazimə münasibətdə keçmişlə müqayisədə müsbət mənada irəliləyiş var. Milliyyətçi-mühafizəkar təbəqənin ona doqmatik münasibəti aradan qalxarmı? Mən qalxmasını istəsəm də, pessimistəm. Bir yerdə hürriyyət, azadlıq, məsələlərə azad baxış yoxdursa, orada heç bir şey cücərməz.
– 108 il qabaq Sabir “Kim ki insanı sevər, aşiqi-hürriyyət odur; Bəli, hürriyyət olan yerdə də insanlıq olur” demişdi…
– Bu qədər bəsitdir. Dünyanın hər yerində ədəbiyyat, sənət, jurnalistika ancaq “hürriyyət” dediyimiz mühitdə cücərib inkişaf edə bilir. Fikir və düşüncəyə bəri başdan mənfi yanaşıb qadağan etsəniz, üstünü örtməyə çalışsanız, heç bir yerə vara bilməzsiniz. Obyektiv və dürüst olmaq lazımdır. İnsan olmağın ən böyük şərti dürüstlükdür.
– Keçən il sözlərin mənşəyinə dair elm dünyasında böyük maraq oyandıran kitabınızın ilk cildini çap etdirdiniz. Növbəti cildi nə vaxt çıxacaq?
– Yaxın gələcəkdə ikinci cildini mətbəəyə verəcəm. 3 cild olacaq.
www.yenicag.az