“Komandalarımızın məşqçiləri rəqib klubların oyunlarına baxaraq, onları analiz edərək, onların zəif və güclü tərəflərini görə biliblər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan klublarının keçirəcəyi oyunlar haqda danışan futbol mütəxəssisi Yaşar Vahabzadə deyib.
Onun sözlərinə görə, rəqiblər aşağı yuxarı komandalarımıza uyğun komandalardır:
“Bugunku oyunlarda hər üç komandamıza uğurlar arzulayıram. Rəqiblərə gəlincə isə onlar aşağı-yuxarı bizə uyğun rəqiblərdir. Onların bizdən daha üstün olmasını da demək olmaz. Hər halda, komandalarımızın məşqçiləri rəqib klubların oyunlarına baxaraq, onları analiz edərək, onların zəif və güclü tərəflərini görə biliblər. Qarşıda bizi hələ iki oyun gözləyir. İndidən hər hansı proqnoz da vermək düzgün olmazdı.
Bundan öncə “Zirə”nin oyununun şahidi olmuşduq. Komandamız rəqib meydanından bir topla qələbəyə sevinmişdi, lakin doğma meydanda gözlənilmədən məğlubiyyətlə üzləşdi. Heç kim həmin oyunda komandamızın məğlub olacağını gözləmirdi. Baxmayaraq ki, “Zirə” yaxşı oyun sərgiləmişdi. Dediyim kimi, öncədən nəsə demək çətindir. Hələ ki komandalarımızı ilk oyunlar gözləyir. İnanıram ki, komandalarımız yaxşı oyun sərgiləyərək, rəqiblərinə qarşı müqavimət göstərə biləcəklər. Bu gün komandalarımızın transfer etdiyi yeni oyunçularla da matça çıxacaqlar. “Sumqayıt” və “Sabah”da da yeni tranferlərini hələ görməmişik. Yəqin ki birinci oyunlardan sonra dəqiq fikir bildirmək mümkün olacaq”.
İsmayıl Bakuvi