Rusiya məsələsində bəzi deputatların susqunluğu: Ehtiyat, yoxsa mövqe?
Azərbaycanla Rusiya arasında münasibətlərdə müşahidə olunan gərginlik davam edir. Ötən ilin sonlarında Azərbaycanın mülki təyyarəsinin Rusiyada vurulması ilə başlayan gərginlik Yekaterinburq şəhərində azərbaycanlılara qarşı həyata keçirilən hücumlarla daha da yüksəlib. Bu gün də Rusiyanın həm rəsmi dairələri, həm deputatları, həm də mediası tərəfindən Azərbaycana qarşı xoşagəlməz münasibət davam edir.
Bu proseslərin fonunda yerli mediada Rusiyanın təsir dairəsində olduğu iddia edilən keçmiş vəzifəli şəxslərlə bağlı məlumatların intensiv şəkildə işıqlandırılması müşahidə olunur. Bu da ictimai fikirdə həm keçmiş siyasi xəttə, həm də hazırkı geosiyasi münasibətlərə yenidən baxış zərurəti formalaşdırır.
Rusiyanın qonşuluq və müttəfiqlik prinsiplərinə zidd addımları cəmiyyətin haqlı narazılığına səbəb olub. Rəsmi dairələrlə yanaşı, ictimaiyyətin bütün təbəqələri- ziyalılar və millət vəkilləri Rusiyada dövlətimiz və həmyerlilərimizə qarşı təzyiq siyasətinə sərt reaksiya verirlər. Onların fikrincə bu addımlar Azərbaycan-Rusiya strateji tərəfdaşlığına ciddi zərbə vurur və milli maraqların müdafiəsində daha prinsipial mövqe sərgilənməlidir.
Xüsusi olaraq, qeyd etmək lazımdır ki, ali qanunverici orqan Milli Məclis və onun rəhbərliyi də Rusiyadan gələn təhdid və xoşagəlməz davranışlara dərhal sərt reaksiya verir.
Lakin qeyd olunan 8 aylıq gərginlik dövründə bəzi deputatların səssizliyi suallar doğurur. Editor.az olaraq, dünyanın ən böyük axtarış sistemi olan “Google” və eyni zamanda sosial media hesabları üzərindən apardığımız araşdırma nəticəsində bəzi millət vəkillərinin Rusiyanın Azərbaycana qarşı qeyri-konstruktiv münasibəti ilə bağlı hər hansı mövqeyə, açıqlamaya rast gəlmədik.
Məsələn, axtarışlar zamanı mediada Ziyad Səmədzadə, Asif Əsgərov, Sabir Hacıyev, Əminə Ağazadə, Şahin İsmayılov, Məzahir Əfəndiyev, Xanlar Fətiyev, Şahin Seyidzadə, Gülşən Paşayeva, Malik Həsənov, Anar Məmmədov və bir sıra digər deputatların Rusiya ilə bağlı hər hansı tənqidi açıqlamasına rast gəlinməyib. Baxmayaraq ki, bu deputatların sosial şəbəkə hesablarının təhlili göstərir ki, onların çoxu demək olar ki, bütün sosial və siyasi mövzularda mətbuata açıqlama verir, mövqe bildirirlər. Bu baxımdan dövlətimiz və xalqımız üçün belə həssas dönəmdə bəzi millət vəkillərinin yumşaq desək, səssiz qalması xeyli təəssüf və sual doğurur.
Bəzi ekspertlər düşünür ki, bəzi deputatlar həmkarları Azər Badamovun yaşadığı məlum hadisədən — yəni Rusiyaya girişinə qadağa qoyulması faktından sonra eyni aqibətlə üzləşməkdən ehtiyat edir və bu səbəbdən mövqe bildirməkdən çəkinirlər. Doğurdanmı bu səssizlik yalnız ehtiyatlı davranışdır, yoxsa..?
Qeyd edək ki, əməkdaşlarımız araşdırmanı “Google” axtarış sistemi üzərindən qeyd olunan deputatların adlarını müxtəlif başlıqlarla axtarışa vermək üsulu, eyni zamanda sosial media hesabları və digər açıq mənbələr üzərindən aparıblar. Texniki səbəblərdən axtarış zamanı hər hansı millət vəkilinin reaksiyası ilə bağlı məlumata rast gəlinməyibsə, Editor.az bu halda qarşı tərəfin də münasibətini dərc etməyə hazırdı.