Fələstin məsələsində dünyanın mövqeyi niyə dəyişir? – İsraili küncə SIXIŞDIRDILAR
“İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar və törətdiyi açıq qətliamlar artıq dözülməz həddə çatıb”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
O, Avropa ölkələrinin Fələstini dövlət kimi tanıması barədə yayılan xəbərləri şərh edib.
Politoloq bildirib ki, İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar və törətdiyi açıq qətliamlar artıq dözülməz həddə çatıb:
“Bu ağır vəziyyət beynəlxalq ictimaiyyətin sərt reaksiyasına səbəb olub. Dünyanın bir çox ölkəsi, xüsusilə də Qərb dövlətləri Təl-Əvivə qarşı təzyiq göstərməyə başlayıb. Onlar İsrailin əməliyyatları dayandırmasını və bölgədəki qətliamı sonlandırmasını tələb edir. Hətta bir sıra ölkələr Fələstin dövlətinin müstəqilliyini tanıyacaqlarını da açıq şəkildə bəyan ediblər”.
T. Rzayevə görə, insanlıq dramı gizlədilə bilməyəcək qədər açıqdır:
“Qərb ölkələrinin İsrailə qarşı mövqeyinin dəyişməsinin başlıca səbəbi Qəzzada baş verən insanlıq dramının artıq gizlədilə bilməyəcək qədər açıq və dəhşətli xarakter almasıdır. Qəzzada mülki əhali – qadınlar, uşaqlar və yaşlılar ağır zərər görür, şəhərlər dağıdılır, həyat şəraiti isə kritik həddə çatıb”.
Onun sözlərinə görə, ictimai təzyiq və siyasi reaksiya yüksəkdir:
“Mövcud vəziyyət hazırda bir çox ölkədə ictimaiyyətin diqqət mərkəzindədir. İnsanlar öz hökumətlərindən bu vəziyyətə son qoyulmasını tələb edir. Xüsusilə də seçkiöncəsi dövrdə ictimai çağırışlara siyasətçilərin biganə qalması real görünmür. Bu səbəbdən bəzi siyasi dairələrin reaksiyaları humanitar dəyərlərdən çox, ictimai və kommersiya maraqları çərçivəsində baş verir”.
“Təzyiqlər nəticə verə bilərmi? Hazırda Avropa ölkələrinin Fələstinə daha çox dəstək göstərməsi, ABŞ və digər tərəfdaşların İsrailə qarşı narazılığı, eləcə də bölgədəki humanitar böhran Təl-Əvivin təzyiqlərə tab gətirməsini çətinləşdirir. Əgər beynəlxalq təzyiqlər daha da güclənərsə və İsrail daxilində narazılıq artarsa, rəsmi Təl-Əviv müəyyən geri addımlar atmaq məcburiyyətində qala bilər. Lakin bu geri çəkilmə ehtimalı daha çox mərhələli, məhdud və strateji xarakterli ola bilər. Hadisələrin inkişafı beynəlxalq ictimaiyyətin davamlı təzyiqindən və İsrailin daxili siyasi vəziyyətindən asılı olacaq”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli