Azərbaycan qazı Yaxın Şərqə: Bakı–Ankara–Dəməşq xətti
Bu gün Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək.
Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həmad Həssan Əl-Sulaiti və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak ediblər.
Bu mühüm hadisə Azərbaycan və Suriya arasında enerji əməkdaşlığında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır.
Xatırladaq ki, bu ilin iyulun 12-də Suriya Prezidenti Azərbaycana rəsmi səfər edib, ondan əvvəl isə Antalya Diplomatiya Forumunda Prezident İlham Əliyevlə görüş keçirilib. Səfərlər zamanı iki ölkə arasında əməkdaşlıq imkanları, o cümlədən enerji sahəsində əlaqələr geniş şəkildə müzakirə olunub.
Azərbaycan Suriyanın münaqişədən sonrakı dövrdə bərpa və inkişaf prosesinə töhfə verməyə hazır olduğunu bildirib. Prezident İlham Əliyevin tapşırığı ilə Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti və Xarici İşlər Nazirliyinin təmsilçiləri Suriyada səfərdə olaraq, Azərbaycanın bu ölkəyə göstərə biləcəyi dəstək imkanlarını öyrəniblər.
Azərbaycan–Suriya əməkdaşlığı eyni zamanda Azərbaycanın Yaxın Şərq siyasətinin bir hissəsidir. Rəsmi Bakı bu regionda da etibarlı tərəfdaş kimi tanınır və enerji diplomatiyasını həm Avropa, həm də Yaxın Şərq istiqamətində uğurla genişləndirir.
Hazırda Azərbaycan dünyada qaz bazarında mövqeyini gücləndirir, qaz ixracını şaxələndirir. 12 ölkəyə qaz ixrac edən Azərbaycan üçün yeni coğrafiyalar – o cümlədən Yaxın Şərq bazarları – formalaşır. Suriya ilə yanaşı, İraq və digər ölkələrə də ixrac potensialı mövcuddur.
Suriya həm qaz idxalçısı, həm də tranzit ölkə kimi önə çıxır. Bu ölkəni İordaniya ilə birləşdirən qaz kəməri hərbi əməliyyatlar nəticəsində sıradan çıxsa da, onun bərpası mümkün hesab olunur. Bu, gələcəkdə Azərbaycan qazının Suriyadan keçməklə Misir bazarına qədər çatdırılmasına imkan yarada bilər.
Bundan başqa, Azərbaycanın artan elektrik enerjisi istehsalı da Yaxın Şərqə ixrac baxımından əlavə imkanlar açır.
Yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın enerji infrastrukturunun bərpası baxımından mühüm addım hesab olunur. Azərbaycandan gələn təbii qazın Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına, eyni zamanda Türkiyənin regional enerji mərkəzinə çevrilməsi hədəfinə də ciddi töhfə verməsi nəzərdə tutulur.