Fələstini tanımaq planı – Britaniya yeni siyasi xəttə keçir?
“Bu addımı ilə Birləşmiş Krallıq İsrailə və ABŞ-yə mesaj ötürür”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Analitik Böyük Britaniyanın İsrail zülmünün davam edəcəyi qarşılığında Fələstin dövlətini tanımaqla təhdid etməsini şərh edib:
“Yaxın Şərqdə vəziyyət kəskin sürətdə dəyişməkdədir. Əvvəlki dövrdə Böyük Britaniya, Fransa İsrailin yanında yer alırdısa hazırda mövqelərdə kəskin ziddiyyət özünü göstərməkdədir. Əvvəlcə Fransa prezidenti Emmanuel Makron Fələstin dövlətinin tanınması ilə bağlı fikir ifadə etdi və bəzi ehtimallara görə sentyabr ayında Fələstini tanımaq haqqında Paris qərar qəbul edəcək”.
İ. Hüseynov qeyd edib ki, eyni addıma Böyük Britaniya da qoşulacaq:
“Eyni addımı Böyük Britaniya da atacağını bildirmişdi. Bu da Birləşmiş Krallığın ABŞ və İsrailin Yaxın Şərqdə həyata keçirdiyi siyasəti ilə ziddiyyət təşkil edir. Çünki proseslər göz qarşısındadır. Bu gün Qəzzada humanitar böhran yaşanır. İnsanlıq faciələri və acı dram hər kəsin gözü qarşısındadır. İnsanlar yalnız qida ehtiyacını ödəmək üçün mübarizəyə qalxıblar. Blokada şəraiti ərzaq sarıdan ciddi böhran əmələ gətirmiş, hava nəqliyyatı vasitəsilə paraşütlərlə qida bağlamaları bölgəyə atılır və ya tırlarla ərzaq bölgəyə çatdırılır, insanlar isə bu ərzağa əlçatanlığı təmin etmək üçün mübarizəyə qalxırlar. Bu da 21-ci əsrdə ağlasığmaz nəticələrin doğurduğunu ifadə edir”.
Birləşmiş Krallığın həm İsrail işğalına həm də özünün daxili auditoriyasına görə yaxın zamanda ciddi addım atacağını qeyd edən politoloq qeyd edib:
“Böyük Britaniyada daxili auditoriyasına, eləcə də xarici aləmdə sülhün, ədalətin, bərabərliyin yanında olduğunu bildirmək üçün bu addımı atır, lakin burada ciddi geosiyasi qarşıdurma da özünü göstərir. Böyük Britaniya da anlayır ki, bu zülmün yanında dayanmaq krallığın siyasətinə mənfi təsir göstərəcək və bu davranışları ilə həm İsrailə, həm də ABŞ-ə mesaj ötürmüş olur”.
Nurlan Cəfəri