Koronavirus bəlasından nə vaxt qurtulacağıq? – Professordan ÖNƏMLİ AÇIQLAMA

“Payız fəsli ilə əlaqədar kəskin respirator xəstəliklər də koronavirusun intensivliyini artırır”.

Bunu Yenicag.az-a açıqlamasında Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Professor bölgələrdə vəziyyətin daha acınacaqlı olduğunu deyib:

“Virusa yoluxanların sayının yüksək olması artıq kollektiv immunitetin yaranması deməkdir. Artıq buna doğru gedirik. Çünki rayonlarda da vəziyyət ürəkaçan deyil, artım daha yüksəkdir. Ümumiyyətlə, istər, paytaxt, istərsə də bölgələrdə yoluxma sayı elan olunandan qat-qat çoxdur. Çünki çox adam evdə müalicə olunur, qeydiyyatdan keçmirlər. Elan olunan rəqəmlər də testdən keçən insanların sayına görə müəyyən edilib.
Hər hansı bir tədbirin görülməsi də artıq gecdir, qeyd etdiyim kimi kollektiv immunitetləşməyə doğru gedirik. Əslində müharibə vəziyyəti də pandemiyanı arxa plana keçirdi və yoluxma prosesi sürətləndi. Artıq obyektiv bir prosesin qarşısındayıq. Əhalinin böyük əksəriyyəti artıq yoluxub, itkilər və ağırlaşmalar daha çox gözlənilir. Xüsusən də bölgələrdə”.

A.Qeybullanın sözlərinə görə, virus tədricən yoxa çıxacaq:

“Virus bir müddətdən sonra daha geniş miqyasda müşahidə olunacaq. Payız fəsli ilə əlaqədar kəskin respirator xəstəliklər də koronavirusun intensivliyini artırır. Bütün dünya üzrə ikinci bir mərhələ davam edir. Düşünürəm ki, proses bu ilin sonuna qədər davam edəcək”.

Cəvahir