Reklam

Reklam

Rusiyalı siyasi analitik Oleq Kuznetsov Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr olunmuş “Dəyirmi masa”da bildirib ki, Moskva dövlət gəmisini ermənipərəst mövqedən Azərbaycana tərəf çevirməyə başlayır. O, bu sözünə əlavə olaraq deyib ki, Dağlıq Qarabağ münaqişəsi əvvəllər Moskvanın Bakıya təzyiq aləti idisə, indi artıq Yerevana təzyiq vasitəsi olacaq.

Qeyd edək ki, Rusiya 300 ildir ki, öz siyasətində ermənilərə dəstək olmaq kursu yürüdür. Burada da məqsəd Türkiyə ilə Azərbaycanın bir yerdə olmasına əngəl törətməkdir. Amma indi bəzi rusiyalı analitiklər iddia edir ki, Moskva üzünü artıq Bakıya doğru çevirməyə başlayır.

Görəsən, Rusiyanın son 300 illik tarixi ərzində Qarabağla bağlı problemə münasibətində proseslərin məhz bu istiqamətdə inkişafını gözləmək olarmı?

Məsələ ilə bağlı Yeniçağ.az-a açıqlama verən politoloq Natiq Miri indiki halda Rusiyanın siyasətində sözügedən istiqamətdə dönüşün olacağına inanmadığını bildirdi:

“Bilirsiniz ki, fikir və siyasətlər iki yerdə dəyişmir: qəbiristanlıq və dəlixanada. Düşünürəm ki, Rusiya Qarabağ münaqişəsinə münasibətdə siyasəti dəyişə bilər. Ancaq onu da unutmayaq ki, minillik Rusiya siyasətində bu günə qədər yalnız imperiya siyasəti güdülüb. Belədə Rusiyanın çağdaş siyasətində də fundamental hansısa dəyişikliklər hələlik, müşahidə olunmur. Ona görə də rusiyalı analitik Oleq Kuznetsovun optimist fikirlərini bölüşmürəm. Rusiya tərəfdən belə bir dəyişiklik baş versə də, bu, Azərbaycanı daha çox sevdikləri üçün deyil, öz geosiyasi maraqlarına xidmət etməsi baxımından mümkün ola bilər.

Hələlik isə Kremlin bu yöndəki siyasətində, xüsusən də Ermənistana münasibətində hər hansı dəyişiklik hiss olunmur. Rusiyanın İrəvanla strateji müttəfiqliyi də yalnız Moskvanın maraqlarına xidmət edən bir müttəfiqlikdir. Ermənistan süni dövlət olaraq ona görə Türkiyə ilə Azərbaycan arasında yaradılıb ki, iki türk dövlətinin bir yerdə olmasına əngəl törətsin. Belə olmasaydı, XIX əsrin əvvəllərindən üzü bəri ermənilər Türkiyə və İrandan tarixi Azərbaycan torpaqları üzərində süni olaraq yaradılan qondarma Ermənistana total olaraq köçürülməzdi. Hazırda da Rusiyanın bu geosiyasi marağında hər hansı bir dəyişiklik görmürəm.

Ancaq ola bilsin ki, Rusiyanın siyasətində Ermənistanın mövcud hakimiyyətinə yönələn qərar dəyişsin. Bunu istisna etmək olmaz. Çünki Sarkisyan hakimiyyəti indi ikili oyun oynayır. Avrasiya İttifaqına üzv Ermənistan digər tərəfdən yenidən strateji tərəfdaşlıq yönündə Avropa Birliyilə müqavilə bağlamağa çalışır. Bu yöndə konkret sənədlər də hazırlanır. İrəvan ayrıca NATO ilə də ciddi danışıqlar aparır və qurumun Ermənistanı dəstəkləməsini istəyir. ABŞ artıq Ermənistanda bu ölkə ordusunun əsgərlərinə təlim keçəcək təlim mərkəzi yaratmağa da qərar verib. Bu, birbaşa Ermənistan müdafiə naziri Vigen Sarkisyanın dilindən çıxan sözlərdir. Həmin məqamlar da təbii ki, Moskvanı qıcıqlandırır. Ona görə düşünürəm ki, Moskva tərəfindən Ermənistana yönələn deyil, İrəvanda oturan hakimiyyətə qarşı müvəqqəti olaraq siyasətin dəyişməsindən söhbət gedə bilər. Çünki Ermənistanda iqtidarı dəyişmək Rusiya üçün çətin məsələ deyil.

Gələn həftə Sarkisyan Rusiyaya səfər edəcək və bu səfərin əsas qayəsi fikrimcə, onun hakimiyyətinin mövcudluğunun daha da artırılmasına hesablanıb. Yalnız bu səfər və Ermənistanda olacaq aprel seçkilərindən sonra artıq Rusiyanın İrəvana yönələn siyasətinin dəyişib-dəyişmədiyi haqqında konkret danışmaq mümkün olacaq. İndilikdə isə bu yöndə fundamental dəyişiklik yoxdur”.

ELÇİN

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 65
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."