“6 yaşım var. İndi yaxşıyam, amma gecəni bir az pis yatmışam. Əhvalım yaxşıdır. Hərdən darıxıram. Darıxanda atamla gəzməyə gedirəm. Dünən atamla anamı yola salmağa getdik. Qar yağmışdı, əlimi vurdum, gördüm soyuqdur, atdım. Hələ məktəbə getmirəm, amma sağalanda gedəcəyəm”
Təxminən bir il əvvəl Aşurovlar ailəsinin şad günü faciəyə çevrilib. Övladlarının kiçik toy mərasimindən qayıdan ailə üzvləri işığı yandıran zaman qaz sızmasından dəhşətli partlayış baş verib. Partlayışdan ən çox zərər çəkən 6 yaşlı Rəvan olub. Ağır yanıq xəsarətləri alan uşağın bədəni tanınmaz hala düşüb. Rəvan yaşananları yaxşı xatırlamasa da, xəstəxanada olduğunu, hadisədən sonra ona kömək edənləri tanıdığı deyir:
“Mən Leyla xanıma təşəkkür etmək istəyirəm. Şəklini indi sizə də göstərəcəyəm. Kitabdadır. Bax budur Leyla xanım, prezidentin qızı!”
Rəvanın atası Şaiq Aşurov hadisəni belə xatırlayır:
“2015-ci ilin yanvar ayında uşaqların kiçik toy məclisi idi. Evdən çıxanda yəqin ki , mənzildə qaz sızması baş verib. Evə qayıtdıq, mətbəxin işığını yandırarkən evdə güclü partlayış oldu. Bundan sonra güclü yanğın başladı. Hamımız yanırdıq. Mən uşaqları çıxardım. O biri oğlum yuxuda olduğundan ciddi yanıq xəsarətləri almamışdı. Amma mən də, yoldaşım da yanıq xəsarətləri almışdıq. Qayınlarım da bizdə idi ən çox yanan Rəvanla qaynım oldu. Uşağın bədəninin 71 faizi yanmışdı. 56 faiz bədən nahiyəsi, 15 faiz tənəffüs sistemi yanmışdı”.
Bədəninin 71 faizi yanmış Rəvan Aşurovun müalicəsi üçün külli miqdarda vəsait tələb olunduğundan, ailəsi Heydər Əliyev Fonduna müraciət edir. Və müraciət müsbət cavablandırılır, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva uşağın əməliyyat xərclərini tam şəkildə öz üzərinə götürür.
“Həkimlərə müraciət etdik. Rəvanın müalicəsi üçün külli miqdarda pul lazım idi. Heydər Əliyev Fonduna müraciət etdik. Çox sağ olsunlar ki, çağırışımıza biganə qalmadılar. Bizə bütün dəstəyi məhz Heydər Əliyev Fondu göstərdi. Fondun vitse-prezidenti Leyla xanım Əliyevaya dərindən təşəkkürümü bildirirəm. Onlar az bir zaman içərisində bizə çox böyük yardım göstərdilər”.
Şaiq Aşurovun sözlərinə görə, bu günədək Rəvan 9 dəfə əməliyyat olub.
“Bakıda beş, Almaniyada dörd dəfə əməliyyat keçirilib. Dörd əməliyyat Leyla xanım Əliyevanın təşəbbüsü ilə Münhendə baş tutdu, həm də çox uğurla. Bundan sonra da mərhələli şəkildə əməliyyatlar keçiriləcək. Həkimlər əməliyyatın hissə-hissə keçirilməsinin tərəfdarıdır. Fond yenə dəstəyini əsirgəmir. Münhendəki müalicədən sonra artıq Rəvanın qolunda deformasiyaya uğrayan sümüklər bərpa olunub. Sərbəst danışır, sərbəst yeriyir. Sadəcə doqquz dəfə anesteziya aldığından əsəbidir. Onunla bağlı müalicələr də davam edir”.
Bundan başqa Rəvanın ailəsi Bakıda mənzillə də təmin olunub.
“Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda dörd otaqlı mənzillə də təmin olunmuşuq. Bizim evimiz olmayıb. Kirayə qaldığımız mənzildə baş vermişdi həmin hadisə. Nəinki, evlə təmin olunmuşuq, demək olar ki bizim bütün maddi xərclərimiz də fond tərəfindən ödənir”.
Rəvan həmyaşıdların geri qalmır. Deyir ki artıq hərfləri tanıyır, vurma cədvəlini bilir, ən çox da ana haqqında şer deməyi xoşlayır.
Bir neçə günlüyə atası ilə tək qalacağını deyən Rəvan ən çox qardaşı üçün darıxır. Bizimlə zarafat etməyi də belə unutmur.
“Mənim qardaşım Tural Ülviyyəni sevir, mən də həmişə ona deyirəm ki, sən balacasan, sevmək olmaz. Böyü, atam boyda ol, sonra sevərsən”.
Beləcə altı yaşlı Rəvanın müalicəsi davam edir. Biz isə sağlam və xoşbəxt ömür arzulayaraq, ondan ayrılırıq.(APA)
www.yenicag.az