!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Location” klubundakı partlayışla bağlı məhkəmədə şirkət rəhbəri dindirildi

!Reklam – Yazi

Bakıda “Location” gecə klubundakı partlayışla bağlı təqsirləndirilən Ruslan Məmmədov, Orxan Səfərli və Rəsul Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Xətai Əlizadə bildirib ki, hadisə günü “Location” gecə klubunda yanğının söndürülməsinə cəlb olunub.

O deyib ki, yanğın söndürülən zamanı klubda ölən və yaralananlar var idi:

“Qaz balonlarını klubun mətbəxində görməmişəm. Ölən şəxsin meyitini mətbəxin girişində görmüşəm. Ən çox dağıntını mətbəxdə və zala yaxın ərazidə müşahidə etdim”.

Daha sonra digər şahid İsrail Yusubov dindirilib. O söyləyib ki, “Merser food” MMC-nin təsisçisidir, təqsirləndirilən O.Səfərli ilə yaxın münasibətləri olub:

“Merser food” MMC-ni təsis edəndə məqsədimiz restoranlar şəbəkəsi yaratmaq idi. Səhmlərin 70 faiz mənə, 30 faiz isə Ayxana məxsus idi. Orxan Səfərli ilə 2009-cu ildən möhkəm dostluğumuz var. “The Place” adlı çay evimiz də var idi. Pandemiyadan sonra işlərimiz zəiflədi. Mən Rəsulu tanımıram və internetdən eşitmişəm ki o, “Location” klubuna rəhbərlik edir”.

Məhkəmənin növbəti iclası sentyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində Səbail rayonunda qeydə alınıb.

Belə ki, yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində bir nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.

Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

Partlayış nəticəsində bir nəfər – gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.

İstintaq zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi – klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda istintaq zamanı qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan – Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hər üç şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmə R.Məmmədovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi ilə bağlı qərar çıxarıb.

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv