Mahir Almaniyada qalmaqal yaratdı - Oynamadığı matçda komandasının buraxdığı qolu bəyənib
“Kayzerslautern” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyada qalmaqalla gündəmə gəlib.
Yenicag.az xəbər verir ki, 28 yaşlı hücumçu sosial şəbəkə hesabında komandasının buraxdığı qolla bağlı edilən paylaşımı bəyənib.
Belə ki, II Bundesliqada ötən tur “Kayzerslautern” “Nürnberq”lə üz-üzə gəlib. Son görüşlərdə heyətdən kənarda qalan azərbaycanlı forvard bu dəfə də matçı kənardan izləməli olub. Qarşılaşma da 1:1 hesabı ilə yekunlaşıb.
“Nürnberq”in futbolçusu Robin Knohe sözügedən matçda penaltidən fərqlənib. O, oyundan sonra qolunu “Instagram” hesabında paylaşıb, Mahir Emreli də həmin paylaşımı bəyənib.
Almaniyanın məşhur “Bild” nəşri də məsələ ilə bağlı məqalə dərc edib. Yazıda deyilir: “Başqaları üçün xoşbəxt olmaq xoşdur. Amma bu, öz komandanızın uğursuzluğu ilə əlaqələdirildikdə mübahisəlidir. 90+3-cü dəqiqədəki qol “Kayzerslautern”in qələbəni əldə verməsinə səbəb olub. Görünür, Emreli bundan həzz alıb. O, klubu qəsdən təhrik edirmi?”












