Mədəni müstəmləkəçilikdən qorunmağın YOLLARI: Milli kimliyi necə SAXLAMALIYIQ?

media-hightechnic-468x90

Mədəni müstəmləkəçilikdən necə qorunmaq olar?

Mədəni müstəmləkəçilik insanları mənəvi və mədəni köklərindən incə şəkildə uzaqlaşdırmaqla milli kimliyi sarsıdan imperializmin məkrli formasıdır. Mədəni müstəmləkəçilik siyasi və ya iqtisadi hökmranlıqdan fərqli olaraq, qloballaşma və ya mədəniyyətlərin mübadiləsi  adı altında gizli fəaliyyətdir. Bu yeni işğalçılıq üsulundan qorunmanın başlıca yolu  mədəni identikliyi və milli dəyərlərin qorunub saxlanması, fəal müqavimətdir.

Mədəni müstəmləkəçiliyin mexanizmləri

Mədəni müstəmləkəçilik bir mədəniyyətin mənəvi-intellektual potensialını zəiflətmək,  tabe etmək məqsədi ilə onun dəyərlərinin, adət-ənənələrinin, dünyagörüşlərinin sistemli şəkildə digəri ilə əvəzlənməsində özünü göstərir. Bu proses iki əsas mərhələdən keçir, birinci mərhələdə milli mədəniyyət onun marginallaşması və neytrallaşdırılması yolu ilə sarsıdılır, ikinci mərhələdə isə təməl dəyərlər sıxışdırılır və  tədricən yad dəyərlər yeridilir. Belə təsir vasitələri media, təhsil proqramları, xarici dil məktəbləri, habelə humanitar yardım və ya mədəni mübadilə adı altında yad ideyaları təqdim edən təşəbbüslərdir.

Gənclər mədəni müstəmləkəçiliyin xüsusilə həssas hədəfidir. Dərsliklər, kütləvi-pop mədəniyyət və rəqəmsal platformalar yad dəyərlər, dominant mədəniyyət kimi təqdim edilən mədəniyyətə yönəlmiş dünyagörüşünü formalaşdırır. Bu prosesə müqavimət göstərənlər çox vaxt “tərəqqi” və ya “inkişaf”ın əleyhdarları elan edilir. Nəticədə milli identiklik unudulur, mənasız hesab edilir, geriqalmışlıq kimi qiymətləndirilir, cəmiyyət öz tarixi kökləri ilə əlaqəni itirərək  xarici təsirlərə məruz qalır. Başqa dildə danışmaq, başqa tərzdə geyinmək, davranış manerası daha proqressiv elan olunur və təlqin edilir.  Gənclər üçün süni kimlik yaradılır, bu kimliyin təməlini yad dəyərlər  təşkil edir. İlk olaraq zahiri elementlərdə geyimdə, xarici görkəmdə, danışıq tərzində özünü büruzə verir, mərhələ-mərhələ isə artıq gənclər məhz xarici təsirlə formalaşan dünyagörüşlə dünyanı qavramağa başlayırlar. Artıq əvvəlki nəsillərin bölüşdüyü dəyərlər, təməl milli dəyələr yadlaşır. Daha sonra bu şüur hadisəsinə çevrilir və düşüncədə özünü göstərir, əvvəl normadankənar hesab edilən hərəkətlər artıq normal qəbul olunur. Bu cür nümunələrin sayı çoxaldıqda isə cəmiyyətdə tədricən bu dəyişikliklər sistemli hal alır.

Azərbaycan təcrübəsində bu süni pasifizmin təbliğində, xalqımızın, cəmiyyətimizin erməni işğalı ilə barışmağa sövq etməyə çalışmaqda, müharibəyə “yox” deyən gəncliyin yetişdirmək cəhdlərində özünü göstərdi. Bakıda, ərazilərinin 20%-nin işğal olunmuş, əhalisinin bir milyonu məcburi köçkün və qaçqına çevrilmiş, Xocalı soyqırımını yaşamış  ölkənin paytaxtının mərkəzi küçələrində  “əsgər ölümlərinə son” şüarı ilə aksiya keçirilməsinə cəhdlər edildi. Qadın hüquqlarının qorunması adı altında cəmiyyətdə təfriqə yaradan, əsrlərlə formalaşmış milli əxlaq normalarına zidd şüarlarla yürüşlər keçirlməsinə çalışdılar.  44 günlük Vətən Müharibəsi günlərində belə  “sülh çağırışları” adı altında işğalçı ölkənin müdafiəsinə yönəlmiş bəyanatlar verildi.

Mədəni müstəmləkəçilik təkcə mədəniyyətə deyil, həm də dövlətçiliyə təhlükə yaradır

Hərbi və ya iqtisadi imperializmdən fərqli olaraq,  mədəni müstəmləkəçilik işğalı dərhal öz neqativ nəticələrini büruzə vermir. Mədəni müstəmləkəçiliyə məruz qalan cəmiyyət çox vaxt öz şəxsiyyəti uğrunda “müharibə” vəziyyətində olduğunu dərk etmir. Tədricən o, öz gələcəyini müstəqil müəyyənləşdirmək qabiliyyətini itirərək mənəvi müstəmləkəyə çevrilir.

Tarixi təcrübə göstərir ki, milli dəyərlərlə əlaqəsini itirmiş xalqlar tarixi prosesdə əriyir. Zəngin mədəni irsi olan Azərbaycan üçün bu təhlükə qloballaşma dövründə aktualdır. Qloballaşma bir çox müsbət cəhətlərinə baxmayaraq, tarazlaşdırılmış  yanaşma ilə müşayiət olunmasa, mədəni müstəmləkəçilik üçün əlverişli şərtlər yaradır. “Ümumbəşəri” adı altında yad dəyərlərin tətbiqi Azərbaycan dilini, adət-ənənələrini, mənəvi yönümlərini əvəzləmək təhlükəsi yaradır ki, bu da milli birliyi zəiflədə bilər.

Mədəni inkişaf müstəmləkəçiliyə qarşı sipərdir

Mədəni müstəmləkəçiliyə müqavimət göstərməyin yeganə effektiv yolu milli dəyərlərin fəal şəkildə qorunub saxlanmasını və təbliğini nəzərdə tutan mədəni maarifdir. Azərbaycanda bu ideya Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü  ideoloji konsepsiyada təcəssüm tapıb. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, – Heydər Əliyevin bu kəlamı Azərbaycana sonsuz sevgini ifadə etdiyi kimi milli kimliyə verilən ən böyük dəyərdir. Bu ideologiya milli kimliyin əsası kimi dilin, dinin, folklorun, adət-ənənələrin əhəmiyyətini vurğulayır. Heydər Əliyevin qeyd etdiyi kimi, “xalqın öz tarixi köklərinə bağlılığı böyük amildir” və xalqın xarici çağırışlar qarşısında dayanıqlılığını təmin edir.

Prezident İlham Əliyevin bu istiqamətdə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi dövlət siyasəti milli-mədəni irsin qorunması, zənginləşdirilməsi və möhkəmləndirilməsinə xidmət edir. Bu siyasətin əsas istiqamətlərinə Azərbaycan dilinin inkişafına və geniş istifadəsinə dövlət dəstəyinin gücləndirilməsi, tarixi-mədəniyyət abidələrinin bərpası və qorunması, muğam kimi bənzərsiz milli musiqi incilərimizin yaşadılması və dünyada təbliği daxildir. Heydər Əliyev Fondunun Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirdiyi layihələr də bu sahədə mühüm rol oynayır. Fondun təşəbbüsləri nəticəsində milli mədəniyyətimiz beynəlxalq sərgilərdə, festivallarda və müxtəlif mədəni platformalarda təqdim olunur, Azərbaycan xalqının zəngin irsi dünya ictimaiyyətinə tanıdılır.

Bu tədbirlər yalnız ölkə daxilində milli kimliyi, mənəvi birliyi və vətənpərvərlik ruhunu gücləndirmir, eyni zamanda xalqımızı xarici təsirlərdən qoruyaraq mədəni müstəqilliyimizi möhkəmləndirir. Nəticədə, Azərbaycan beynəlxalq aləmdə öz tarixi köklərinə, ənənələrinə və bənzərsiz mədəni simasına sadiq bir ölkə kimi tanınır və hörmət qazanır.

44 günlük Vətən Müharibəsində tarixi zəfər Azərbaycan xalqının milli kimliyini gücləndirdi. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, xalqın milli birliyini, dövlətçilik şüurunu və qürurunu yüksəltdi. Müharibə dövründə xalqın birliyi və həmrəyliyi gücləndi, hər bir azərbaycanlı özünü Vətənin müdafiəsinə həsr etdi.  44 günlük Vətən müharibəsində tarixi zəfər hər birimiz üçün qürur mənbəyi olmaqla artıq milli kimliyimizin atributuna çevrilib və qalib xalq adını, həm də hər bir azərbaycanlı bölüşərək, qalib vətəndaş kimi qürurla daşıyıq.

Milli kimliyin qorunması dövlət və cəmiyyətin birgə  məsuliyyətidir

Qlobal mədəni tendensiyalardan ən çox təsirlənən təbəqə kimi gənclərin milli ruhda tərbiyəsi və təhsili strateji əhəmiyyət kəsb edir. Təhsil müəssisələri yalnız akademik biliklərlə kifayətlənməməli, eyni zamanda ana dilinə, milli tarixə, adət-ənənələrə sevgi və hörmət aşılamalıdır. Bu, mədəni assimilyasiya meyllərinə qarşı dayanıqlı, milli kimliyini qorumağı bacaran gənc nəslin formalaşması üçün əsas şərtdir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi:

“Azərbaycanlı harada yaşamasından asılı olmayaraq, öz dilini, adət-ənənələrini unutmamalıdır”.

Rəqəmsal dövrün reallıqları, qlobal media məkanının sərhədsiz təsir imkanları nəzərə alındıqda bu çağırış daha da aktuallaşır.

Ailə isə cəmiyyətin əsas dayağı kimi mədəni dəyərlərin qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsində əvəzsiz rol oynayır. Ailə ənənələrinin möhkəmləndirilməsi, milli adətlərə hörmətin gündəlik həyatın tərkib hissəsinə çevrilməsi gəncləri yad mədəni təsirlərin passiv istehlakçısına çevrilməkdən qoruyur. Cəmiyyət dərk etməlidir ki, mədəniyyət yalnız keçmişdən miras qalan bir sərvət deyil, həm də gələcəyin idarə olunmasında mühüm ideoloji və sosial alətdir. Xüsusilə gənclər üçün milli dəyərlərin öyrənilməsi, yaşadılması və təbliği yalnız vətəndaşlıq borcu deyil, həm də özlərini qlobal mədəni təsir oyunlarının alətinə çevrilməkdən qorumağın yeganə yoludur.

Bu prosesdə milli dəyərləri çağdaş dünyada mövcud olan yeni dəyərlərlə uzlaşdırmaq, mədəni müxtəlifliyi təbliğ etmək və eyni zamanda mədəni müstəmləkəçilik təşəbbüslərinə qarşı çıxmaq həyati əhəmiyyət daşıyır. Mədəni müxtəliflik bütün xalqların irsinə hörmət göstərməyi nəzərdə tutur, mədəni müstəmləkəçilik isə müəyyən bir mədəniyyəti “üstün” model kimi təqdim edərək digər mədəniyyətləri arxa plana sıxışdırır. Beləliklə, mədəni müstəmləkəçiliyə qarşı fəal və sistemli müqavimət göstərmək, milli dəyərləri möhkəmləndirmək və gənc nəsildə mədəni özünüdərk hissini gücləndirmək əsas hədəflərdən olmalıdır.

Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini dəstəyi ilə “Baki Politoloqlar Klubu” İctimai Birliyi  tərəfindən icra olunan “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” layihəsi çərçivəsində hazırlanıb.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa