Eldar Qasımov Münhendə “OGAE Germany” fan-klub görüşündə çıxış etdi
Münhen, Almaniya — “Eurovision–2011” mahnı müsabiqəsinin qalibi, Azərbaycanın tanınmış müğənnisi ELDAR (Eldar Qasımov) Almaniyada “Eurovision”un rəsmi fan-klubu OGAE Germany tərəfindən təşkil olunan illik görüş çərçivəsində Münhendə konsert proqramı ilə çıxış edib.
ELDAR həmin gecə səhnəni “Eurovision–2016”da Avstriyanı təmsil etmiş Zoe Straub, “Eurovision–2014”də Almaniya adından iştirak etmiş “Elaiza” qrupu, eləcə də Almaniyada sürətlə populyarlıq qazanan “Galant” dueti ilə bölüşüb.
Konsert proqramında “Eurovision” tarixinin sevilən hitləri – “Euphoria” (Loreen), “Rise Like a Phoenix” və digər məşhur ifalar səslənib. Gecənin ən yaddaqalan anlarından biri isə ELDARın Azərbaycana 2011-ci ildə qələbə qazandıran “Running Scared” mahnısını ifa etməsi olub.
Tədbir çərçivəsində “ELDAR OGAE Germany” fan-klubunun fəxri üzvü adına layiq görülüb. Tamaşaçılar, eyni zamanda, müğənninin alman dilində sərbəst ünsiyyətini və səhnədəki səmimi çıxışını xüsusi maraqla qarşılayıblar.












