“Məhərrəmlikdə toya getmək günahdır” deyənlərə Şölədən CAVAB: “Ona qalsa…”

“Bir çoxları Məhərrəm ayında toy edən və toya gedən insanları tənqid edir. Amma bu düzgün deyil”.

Bunu Yenicag.az-a açıqlamasında müğənni Şölə Səfərəliyeva Məhərrəmlikdə toy edən və toya gedənləri tənqid edənlərə cavab olaraq bildirib.

Müğənni bunda günah görmədiyini bildirib:

“Bir çoxları Məhərrəm ayında toy edən və toya gedən insanları tənqid edir. Amma bu düzgün deyil. Mən dəvət aldığım yerlərə gedirəm. Ona qalsa, içki də haramdır və bunun hansı ayda içilməsinin fərqi yoxdur. Niyə biz həqiqi dinlə yox, xurafatla məşğuluq?

Toy oldu-olmadı, həftəlik restoran çıxışlarımı edirəm. Digər ifaçılar da həmçinin. Nə fərqi var, toyda oxudum, ya yüzlərlə tamaşaçının qarşısında. Allah birdir və ona şərik qoşmaq günahdır. Günah elə həmişə günahdır, müəyyən aylarda yox. Deyirlər, dində musiqi haramdır, onda heç vaxt musiqi ilə məşğul olma və insanları cuşa gətirmə. Yaxud da Ramazan ayında axşam iftar vaxtına qədər nəsə etmək günahdır, amma 8-dən sonra hər şey olar. Yəni belə çıxır ki, günah saatı keçdi. Mən belə şeyləri qəbul etmirəm. Fikirlərim yəqin ki, bəziləri tərəfindən qıcıqla qarşılanacaq, çünki cəmiyyət belə fikirləri qəbul etməyə hazır deyil”.

Cəvahir