Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mətbuat Şurası beynəlxalq ictimaiyyətə bəyanat ünvanladı

30854-400x300Bu gün Beynəlxalq Mətbuat Mərkəzində «Azərbaycanlıların soyqırımı: XX əsrin insanlığa qarşı cinayətidir» mövzusunda konfrans keçirilib. Azərbaycan Mətbuat Şurasının, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə baş tutmuş toplantını giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb.

Ə.Amaşov çıxışında ermənilərin zaman-zaman azərbaycanlılara və bütövlükdə türklərə qarşı etnik təmizləmə siyasəti həyata keçirdiklərini vurğulayıb. O bildirib ki, mövcud siyasətin XX əsrdəki ən böyük təzahür forması Xocalı soyqırımıdır.

MŞ İdarə Heyətinin üzvü, ATXƏM sədri İlham İsmayıl rəhbərlik etdiyi qurumun Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı istər ölkə daxilində, istərsə də xaricdə geniş tədbirlər həyata keçirəcəyini vurğulayıb. Bu baxımdan Belçikanın paytaxtı Brüsseldə aksiyaların təşkil olunacağını qeyd edən İ.İsmayıl görüləcək işlərin həmçinin ermənilərin qondarma «erməni soyqırımı» iddiasının 100-cü ildönümü ilə bağlı fəaliyyətinə qarşı ideoloji cəbhə yaratmaq mahiyyəti daşıdığını bildirib.

Milli QHT Forumunun rəhbəri Rauf Zeyni Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin cinayətkar əməllərinin isbatı üçün imza toplanıldığını deyib. Bunun üçün ölkə ictimaiyyətinin dəstəyinin zəruriliyini əsaslandırıb. R.Zeyni eyni zamanda müxtəlif qeyri-hökumət təşkilatlarının Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması istiqamətindəki fəaliyyətində də söz açıb. Görülən işlərin daha da intensivləşdirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə iştirak edən nüfuzlu insan haqları müdafiəçisi, Moldova ombudsmanı Aureliya Qriqoriu Azərbaycan xalqının başına gətirilmiş faciələrin dünya ictimaiyyətinə çatdırılmasının bütövlükdə bəşəri dəyərlərə qarşı yönəlmiş cinayətlərin qarşısının alınması baxımından əhəmiyyətinə toxunub. O bu mənada Xocalı faciəsinə xüsusi diqqət yetirilməli olduğunu deyib, faciənin soyqırımı aktı olaraq qəbulunun önəmindən danışıb. Xocalı ilə bağlı Moldova parlamentində müzakirələrin keçirildiyini deyən A.Qriqoriu ölkəsində 20 Yanvar faciəsinin ildönümü ilə əladəqar müvafiq təbliğat işlərinin gerçəkləşdirildiyini, aksiyaların düzənləndiyini də diqqətə çatdırıb.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxışına ermənilərin öz ata-baba yurdlarını ziyarət etməyə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı qurduqları məhkəmə prosesinin qondarma mahiyyətini qabartmaqla başlayıb. Dünyada mövcud olan ikili standartlar siyasətinə toxunan B.Səfərov onu da bildirib ki, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan həqiqətlərinə çəkmək üçün daha sistemli şəkildə fəaliyyət göstərilməlidir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin böyük məsləhətçisi Məhsəti Əliyeva Azərbaycan dövlətinin Xocalı faciəsinin dünya birliyinə tanıdılması istiqamətində gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb. O, dünyanın bir sıra ölkələrində Xocalı soyqırımının tanınmasını konkret uğur kimi dəyərləndirib. M.Əliyeva eyni zamanda Heydər Əliyev Fondunun mövcud istiqamətdəki fəaliyyətinin effektivliyini əsaslandırıb.

Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Derəxti İsveçdə yaşayan soydaşlarımızın Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı sistemli tədbirlər reallaşdıracaqlarını diqqətə çatdırıb. O, İsveç parlamentinin binası qarşısında mitinqlərin təşkil olunacağını, habelə parlamentdə müzakirələrin keçiriləcəyini diqqətə çatdırıb.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Ombudsman aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, Araşdırmaçı Jurnalistlər Liqasının sədri Qafar Çaxmaqlı və digərləri Xocalı faciəsinin beynəlxalq aləmə tanıdılması istiqamətində həlli vacib işlərdən danışıblar.

Konfransın sonunda qeyri-hökumət təşkilatlarının və media qurumlarının təmsilçilərinin Xocalı faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətə ünvanladıqları bəyanat səsləndirilib.

www.yenicag.az

367