Millinin sabiq futbolçusu: "Qarabağ" səfərdən yaxşı nəticə ilə qayıtmaq üçün..."
“Qarabağ” qol imkanlarından istifadə etsə, məncə, səfərdən yaxşı nəticə ilə geri dönəcək.
Bunu Yenicag.az-a Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov Ağdam klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsində “Atletik Bilbao” klubu ilə keçirəcəyi oyunla bağlı fikirlərini səsləndirərkən deyib.
O vurğulayıb ki, səfərdən yaxşı nəticə ilə dönmək mümkündür:
“Qurban Qurbanov komandasından hər zaman göstərdikləri oyun stilini tələb edəcək. “Qarabağ”ın özünəməxsus taktikası var. Komandamız dominant futbol oynamağa çalışır. Açığı, bu da onlarda alınır. “Köhlən atlar” qol imkanlarından istifadə etsə, məncə, səfərdən yaxşı nəticə ilə geri dönəcək. Bir çoxları düşünür ki, komandamız üçün bu matç çətin olacaq. Amma unutmaq lazım deyil ki, “Qarabağ” rəqibin gücündən asılı olmayaraq, istənilən komandaya qarşı baxımlı futbol oynamağı bacarır. Ümid edirəm ki, bu gün də eyni şey təkrar olunacaq. Əsas odur ki, İspaniyada məğlub olmayaq. Komandamızdan gözləntilər çoxdur və “Qarabağ” bu məsuliyyəti hiss edərək meydana çıxacaq”.
Məlik Məlikov