!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibənin SON ÇIRPINIŞLARI: “Sülh ehtimalı yüksəkdir”

!Reklam – Yazi

 

“Rusiya prezidenti Vladimir Putin hər nə qədər Ukrayna lideri Volodimir Zelenskinin sülh masasına oturmayacağını bəyan etsə də, yaranacaq yeni şərtlər onun bu addımı atmasını qaçılmaz edə bilər. Cari proseslər və beynəlxalq siyasi dinamikalar göstərir ki, Rusiya-Ukrayna müharibəsinin bu il sona çatması ehtimalı olduqca yüksəkdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

Siyasi təhlilçi Rusiya siyasi kuluarlarında savaşın 2025-ci ilin sonlarına doğru bitməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Xatırladaq ki, məşhur “Kommersant” nəşri bununla bağlı yazıb ki, Rusiya prezident administrasiyası artıq 2026-cı il parlament seçkiləri üçün müharibədən sonrakı seçki kampaniyası üzərində işləyir.

Bildirilib ki, Prezident administrasiyası “xüsusi hərbi əməliyyat”ın sonunu planlaşdırıb və Rusiya ordusu 2025-ci ilin sonuna qədər müharibəni bitirəcək. Həmçinin əlavə olunub ki, Moskva Kiyev ilə yekun anlaşmaya nail olmağa çalışacaq və eyni zamanda, Rusiyada gələn il kabinet dəyişiklikləri ehtimal edilir.

O. Qasımovun fikrincə isə ABŞ-nin yeni seçiləcək prezidenti Rusiya-Ukrayna münaqişəsinin qısa zamanda həlli üçün addımlar atacağını bəyan edib və bu istiqamətdə səlahiyyətli nümayəndəsini təyin edib:

“Bu nümayəndə – general-leytenant Keyt Kelloq artıq müəyyən sülh planı hazırlayıb və bu plana dair bəzi detallar mətbuatda sızdırılıb. Son zamanlar Zelenskinin açıqlamaları da Ukraynanın Rusiya ilə müzakirələrə açıq olduğunu göstərir. Zelenski bildirib ki, yalnız Donald Trampla görüşdükdən sonra üçtərəfli masaya oturmağı qəbul edəcək. Bundan əlavə, Ukrayna ciddi təhlükəsizlik təminatları tələb edir. Başlanğıcda, Ukrayna Rusiyanın 1991-ci il sərhədlərinə qayıtmasını tələb etsə də, hazırkı şərtlərdə bu tələb müəyyən qədər dəyişib. ABŞ-ın təklif etdiyi plana əsasən isə Rusiya hazırda nəzarət etdiyi əraziləri saxlasa da, bu ərazilər beynəlxalq səviyyədə tanınmayacaq ki, bu, faktiki vəziyyətin hüquqi şəkildə qeydə alınması ilə nəticələnə bilər. Həmçinin Ukrayna da burada təhlükəsizlik təminatları əldə edəcək. Hansı ki, Bu model Koreya yarımadasındakı Şimali və Cənubi Koreya vəziyyətinə bənzəyir”.

Həmsöhbətimiz əlavə edib ki, Rusiya əvvəllər maksimal tələblər irəli sürürdü:

“Bu tələblərə Ukraynanın tamamilə silahsızlaşdırılması, birtərəfli status əldə etməsi və 2022-ci ildə keçirilən saxta referendumların nəticələrinin tanınması daxil idi. Rusiya həmin referendumlarla Ukraynanın dörd vilayətini öz ərazisinə qatmaq istəyirdi. Lakin ABŞ və Qərb bu tələbləri qəbul etməyəcək. Rusiya isə hazırda nəzarətində olan ərazilərlə razılaşmaq məcburiyyətində qala bilər. Son bir il yarımda Rusiyanın işğal etdiyi ərazilərin sahəsi 3 min kvadrat kilometrdən çox təşkil edir. Müharibənin ilk mərhələlərində Rusiya daha böyük ərazilər ələ keçirsə də, Ukraynanın 20%-i hələ də işğal altındadır”.

Analitik əmindir ki, Bayden administrasiyası Rusiyaya qarşı sərt mövqe nümayiş etdirsə də, tətbiq olunan sanksiyaların tam effektiv olduğunu söyləmək çətindir:

“Rusiyanın Qərblə ticarət dövriyyəsi gündəlik bir milyard dollara çatır və bu, ciddi iqtisadi dəstək təmin edir. Tramp isə daha sərt tədbirlərə əl ata bilər. Məlumatlara görə, son aylarda Rusiya rəsmiləri ilə Tramp komandası arasında təmaslar qurulub və hətta Rusiyadan ABŞ-yə xüsusi reyslərlə nümayəndələrin səfərləri baş tutub. Cari vəziyyət göstərir ki, Rusiya-Ukrayna münaqişəsinin bu il ərzində sülhlə nəticələnməsi ehtimalı yüksəkdir. Rusiya maksimal tələblərdən imtina etməyə, Ukrayna isə müharibənin dayandırılması qarşılığında bəzi kompromislərə getməyə hazır görünür. Bu proses həm regional sabitlik, həm də beynəlxalq münasibətlər üçün mühüm dönüş nöqtəsi ola bilər”.

Rafi Müslümov

www.yenicag.az

75
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv