!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mümkün İstanbul görüşü: "Əgər Putin ultimativ bəyanatlarından geri addım atmasa..." - Politoloq

!Reklam – Yazi

“Rusiyaya iqtisadi zərər vermək istəyirlər, ancaq dünya iqtisadiyyatı da zərər görür. Neftin, qazın qiyməti kəskin sürətdə artıb. ABŞ-də benzinin qiyməti dəfələrlə artıb. Qərb liderləri, beynəlxalq aləm bütün bu çətinliklərə dözməyə hazırdır. Təki Rusiya zəifləsin. Bunlara baxmayaraq, Putin hikkəsindən geri addım atmır. Hesab edirəm, müharibə bir ay da davam etsə, Rusiyada oliqarxlar elə müflisləşəcəklər ki, Rusiyada mərkəzdənqaçma meyilləri güclənəcək”.

Bu fikri Rusiya-Ukrayna müharibəsi fonunda baş verən siyasi proseslər, tərəflərin masa ətrafına gəlmə ehtimalı və digər məsələlərə münasibət bildirən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şahinoğlu bildirib ki, müharibə uzandıqca Rusiya-NATO toqquşmasının ehtimalı artır:

“NATO-nun Ukrayna hava sahəsini bağlamamasının səbəbi aydındır. Əgər NATO Ukrayna hava sahəsini bağlasa, orada uçan rus təyyarələrini vurmalıdır. Bu zaman da Rusiya NATO təyyarələrini vuracaq. Belə olan halda, Ukrayna-Rusiya müharibəsi NATO-Rusiya müharibəsinə gətirib çıxara bilər, bu da Üçüncü Dünya Müharibəsi anlamı daşıyacaq. Ona görə də NATO bu riskə getmir.

Polşanın Baş naziri açıq dedi ki, əgər təyyarələri Ukraynaya versək, bu bizim müharibəyə qoşulmağımız anlamına gələcək. Polşa maraqlı bir manevr etdi. Rusiya istehsalı olan təyyarələrini ABŞ-yə verir ki, ABŞ da Ukraynaya versin. Polşa təyyarələri üçüncü dövlətin vasitəsi ilə Ukraynaya vermək istəyir və özünü Rusiyadan belə sığortalamağa çalışır.

NATO üzvü olan ölkələrdən könüllülər Ukraynada döyüşməyə gedirlər. Böyük Britaniyadan, Danimarkadan, ABŞ-dən muzdlular Ukraynaya axın edir. Dünyanın ən say-seçmə snayperləri Ukraynada döyüşlərə qatılıb. Pul müqabilində döyüşənlərin sayı günbəgün artır.

Qara dənizdə də vəziyyət qəlizdir. Qara dənizdə NATO ölkələrinin bir qisminin sahili var. Rumıniyanı, Bolqarıstanı buna misal çəkə bilərik. Onlar tərəfindən Rusiya hərbi gəmilərinin və ya rusların onlara məxsus gəmiləri bilərəkdən və ya bilməyərəkdən vurma ehtimalı var. Bu hadisə baş tutsa, vəziyyət gərginləşəcək”.

Zelenskinin son açıqlamalarına gəldikdə isə politoloq bunları deyib:

“Zelenski tam haqlıdır. NATO Ukraynanı alyansa üzv qəbul etmir. Zelenski də deyir ki, sizə yalvarası deyiləm. Zelenski Krım və Donbasla bağlı güzəşt yox, müzakirə apara biləcəklərini deyir. Ancaq müharibə gedən zaman inanmıram ki, Zelenski bu müzakirələrə başlasın. Türkiyədə sabah görüş olacaq. Əslində, bu, Türkiyənin diplomatik uğurudur. Ancaq nəticə olacağını zənn etmirəm. Rusiya prezidentinin ultimativ tələbləri gündəmdə qalır – Ukrayna Krımı və Donbası Rusiya ərazisi kimi tanımalı, silahsızlaşdırılmalı, neytral status qəbul etməlidir. Bu da o deməkdir ki, təslim ol. Ukraynada heç kim bu addımı atmaz. Yaxın müddətdə Putin bu ultimatumları söyləməkdə təkrar edəcəksə, Türkiyədə baş tutacaq görüşdən bir nəticə əldə olunmayacaq. Ərdoğan çalışır ki, Putin və Zelenskini İstanbulda görüşdürsün. Putinin gedəcəyi ölkələrin sayı çox deyil. Heç kim onu dəvət etmir. Türkiyə azsaylı ölkələrdən biridir ki, Putini dəvət edir. Bu, Putin üçün yaxşı şansdır. Zelenski çoxdan getmək istəyir. Əgər Putin ultimativ bəyanatlarından geri addım atmasa, İstanbul görüşünün də nəticə verəcəyi gözlənilmir”.

Rusiyaya tətbiq olunan sanksiyaların effekti və əks-effektini isə politoloq belə şərh edib:

“Müharibə təkcə Ukrayna ilə Rusiya arasında getmir. Müharibə davam etdikcə bundan hamı zərər görəcək. Azərbaycana da müəyyən zərərləri olacaq. Azərbaycana da kifayət qədər qaçqınlar gəlir. Onları yerləşdirmək, maliyyə problemlərini həll etmək lazım gələcək. Ukraynadakı azərbaycanlıların sayı çox idi və böyük hissəsi də imkanlı idi. Şirkətləri, zavodları, restoranları olan çoxlu soydaşımız var idi. Onların hamısı yoxa çıxdı. Sıfırdan başlamalı olacaqlar. Onlara dəstək və kömək lazımdır. Avropa ölkələrinə 2 milyondan çox ukraynalı gedib. Onları yerləşdirmək, müvəqqəti status vermək lazımdır. Qaçqın və köçkünlərin sayı 4 milyona çata bilər. Hamısı problemdir. Ancaq bir məsələ var ki, Avropa qərar verib ki, müharibə bitən kimi ikinci bir Marşal planı həyata keçirəcək. Marşal planı İkinci Dünya Müharibəsində ABŞ-nin dövlət katibi Marşalın təklifi ilə baş tutmuşdu. ABŞ Avropa ölkələrinə iqtisadi yardım edərək onları ayağa qaldırmışdı. Ukrayna üçün də belə bir model düşünülüb. Sadəcə müharibənin yekunlaşması lazımdır”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

711
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv