Bu gün Nardaran qəsəbəsinin simasını tanımaq olmur, tamam fərqli mənzərə ilə rastlaşırıq.
Trend-in məlumatına görə, hazırda qəsəbədə abadlıq, yenidənqurma işləri sürətlə davam etdirilir.
Nəzərə çarpan ilk dəyişiklik elə qəsəbənin girişindən hiss olunur. Əvvəllər “Həzrət Abbas” meydanı kimi tanınan zəbt olunmuş ərazinin də abadlaşdırılmasına başlanıb.
Mərkəzi küçənin genişləndirilməsi, qəsəbənin kommunikasiya sisteminin yenilənməsi məqsədilə hətta bəzi evlərin yolun mühafizə zolağına aid hissələri sökülərək hasarlar yoldan kənara çəkilib. Sökülən ərazilərə görə sakinlərə kompensasiya verilib. Abadlıq işlərində işçi qüvvəsi kimi əsasən qəsəbə sakinləri çalışırlar.
Qəsəbə sakini Faiq Aslanov da Nardaranda görülən işləri alqışlayır. 60 yaşlı qəsəbə sakini Nardaranın məşhur “İmam Hüseyn” meydanının simasının dəyişməsindən sevinir və əvvəlki vəziyyətin keçmişdə qaldığını deyir. Bildirir ki, Nardaranda hələ bu qədər genişmiqyaslı təmir-abadlıq işləri aparılmayıb: “Nardaranda görülən abadlıq işləri hər bir sakinin ürəyincədir. Bu işlər bizim gəncliyin inkişafı, sakinlərin rahatlığı üçündür. Bu işin təşkilatçılarına, icraçılarına yalnız təşəkkür düşür. Çox sağ olsunlar ki, Nardarana bu cür diqqət artırılır, insanların qayğısına qalırlar. Əvvəllər bu meydanda köhnə tikililər pərakəndə vəziyyətdə idi. Meydandakı tikililər qəsəbənin görkəmini pozurdu. Amma indi burada böyük Mədəniyyət Mərkəzi, Polis bölməsi, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsi inşa edilib. Bu yeni tikililərin tikintisində də kənd sakinləri işləyir, işlə təmin olunur. Yəqin ki, həmin obyektlər fəaliyyətə başlayanda da burada kənd sakinləri işlə təmin olunacaq. Bu da Nardaranda işsizliyin aradan qaldırılmasına kömək edəcək. Əhalinin məşğulluğu artacaq”.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, ASC tərəfindən qəsəbənin mərkəzi küçələrində təmir-tikinti işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Nəqliyyat vasitələrinin, o cümlədən vətəndaşların daha rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi üçün ilkin olaraq qəsəbənin Abşeron küçəsinin yenidən qurulması işlərinə başlanılıb. Küçənin uzunluğu 2,2 km, mövcud eni isə ortalama 8 metr idi. Layihəyə uyğun olaraq küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı və hər iki istiqamət üzrə 2 metr enində geniş piyada səkiləri olmaqla 18 metrə çatdırılır. Bunun üçün isə küçə boyu yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılır. Sökülən evlərin və obyektlərin sahiblərinə qanunvericiliyə uyğun nəzərdə tutulmuş kompensasiya ödənilir.
A.Nəcəfli qeyd edib ki, 11 şəxsə kompensasiya ödənilib, daha 10 nəfərə ödənilməsi üçün sənədlər hazırdır və aidiyyəti üzrə göndərilir. Digər şəxsələrə də kompensasiya ödənilməsi üçün sənədləşmə işləri gedir.
“Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan işlər çərçivəsində küçənin 1 km-dən artıq hissəsi genişləndirilərək 18 metrə çatdırılıb. Genişləndirilmiş küçənin müəyyən hissəsində yeni hasarlar çəkilib, yeni yol yatağı tikilib. Digər hissədə isə bu istiqamətdə işlər davam etdirilir. Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin (qaz, işıq, rabitə, su və kanalizasiya) çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Küçənin artıq 1 km hissəsində hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikilib, 2 min poqon metr yeni səki daşı düzülüb. Səkilərin təqribən 2000 kv.metr sahəsi asfaltlanıb, işıq dirəkləri üçün xüsusi bünövrə tökülüb. Yola 2 qat olmaqla 15 sm qalınlığında yüksək keyfiyyətli asfalt-beton örtüyü döşənib. Ümumilikdə isə küçənin 40 min kv.metr sahəsinə 3 qat və 25 sm qalınlığında olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi və piyada səkilərinin kənarına 4500 paqon-metr səki daşının düzülməsi planlaşdırılır.
Yaxın müddət ərazində Nəsrulla Əsgərov küçəsində də yenidənqurma işlərinə başlanılacaq. Qəsəbənin mərkəzindən Nardaran pirinə gedən bu küçə yaxın vaxtlarda öz simasını tamamilə dəyişəcək. “Azəryolservis” ASC tərəfindən aparılacaq işlər çərçivəsində 780 metr uzunluğundakı küçənin mövcud ortalama 6 metr eninin genişləndirilərək 16 metrə çatdırılması planlaşdırılır. Nəsrulla Əsgərov küçəsi 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bu küçədə də hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikilərək, səkilərin kənarlarına 1500 poqon metr səki daşı düzülərək, ikitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılacaq.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə Trend-ə bildirib ki, qurum Nardaranda 1758 abonentlə muqavilə bağlayib. Müqavilə əsasında 1768 mənzil və ya obyekt su sayğacı ilə təmin edilib.
Bundan başqa, qəsəbədə aparılan abadlıq işləri ilə əlaqədar “Azərsu” ASC Nardaranda 2,2 kilometr uzunluğunda su, 1,2 kilometrlik kanalizasiya xətti çəkib. Hazırda qəsəbədə işlər davam etdirilir.
Xatırladaq ki, bir müddət öncə Prezidentin ehtiyat fondundan Nardaran qəsəbəsinin abadlaşdırılmasına 12 milyon manat pul ayrılıb.
www.yenicag.az