NATO-nun baş katibi Mark Rutte bildirib ki, mövcud olan son məlumatlara əsasən, o, Şimali Koreya hərbçilərinin artıq Rusiya Federasiyasının Kursk bölgəsində iştirak etdiyini təsdiqləyə bilər.
Yenicag.az “Euronews”a istinadla xəbər verir ki, o, bu barədə oktyabrın 28-də keçirdiyi brifinqdə bildirib.
Rutte söyləyib ki, səhər saatlarında Cənubi Koreya nümayəndə heyəti NATO-ya, eləcə də Yaponiya, Avstraliya və Yeni Zelandiyaya məlumat verib ki, onun rəhbərlik etdiyi qurum KXDR hərbçilərinin Rusiyada olması və onların müharibədə iştirakından xəbərdardır.
“Bu gün mən təsdiq edə bilərəm ki, Şimali Koreya hərbçiləri Rusiyaya göndərilib və Şimali Koreya bölmələri Kursk bölgəsinə cəlb olunub. Bu, KXDR-in Rusiyanın qeyri-qanuni müharibəsində davam edən iştirakının əhəmiyyətli dərəcədə artmasıdır. Həmçinin bu, BMT Təhlükəsizlik Şurasının qətnaməsinin növbəti pozuntusudur. Eləcə də, bu, Rusiya Federasiyasının təhlükəli ekspansiya müharibəsidir”, – Rutte qeyd edib.
“NATO Rusiya və KXDR-i bu hərəkətləri dərhal dayandırmağa çağırır. Ona görə ki Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi həm Sakit okean, həm də Avro-Atlantik təhlükəsizliyə təhdiddir”, – deyə baş katib əlavə edib.
O xatırladıb ki, bundan əvvəl KXDR Rusiyaya döyüş sursatları və ballistik raketlər verib və Rusiya lideri Vladimir Putin bunun müqabilində Şimali Koreyaya beynəlxalq sanksiyaların qarşısını almaq üçün hərbi texnologiya və digər dəstək verir.
NATO rəsmisi belə bir şəraitdə demokratik dünyanın ümumi dəyərlərin müdafiəsi üçün güclərini birləşdirməyin vacib olduğunu vurğulayıb.
“Lakin, eyni zamanda, Şimali Koreya hərbçilərinin Kursk bölgəsinə cəlb olunması Putinin artan çarəsizliyinə işarədir. Putinin müharibəsində 600 mindən çox rus əsgəri ölüb və yaralanıb. O, xaricdən dəstək olmadan Ukraynada hücumu davam etdirə bilməz. NATO müttəfiqləri azad və müstəqil Ukraynanı dəstəkləməyə davam edəcək, çünki Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir”, – Mark Rutte bildirib.
Son olaraq, Rutte əlavə edib ki, o, bazar ertəsi Cənubi Koreya prezidenti Yun Sok Yel və Ukraynanın müdafiə naziri Rüstəm Umerov ilə bu hadisələr kontekstində danışacaq.
Xatırladaq ki, ötən həftə Cənubi Koreya kəşfiyyatı çərşənbə günü Şimali Koreyanın Ukraynaya qarşı müharibədə rusları dəstəkləmək üçün Rusiyaya 3 min əsgər göndərdiyini və həmçinin seçilmiş əsgərlərin ailələrini müəyyən yerdə təcrid etməyə çalışdığını bildirmişdi. Daha sonra isə Rusiyadakı bir neçə min Şimali Koreya əsgəri haqqında məlumat Ağ Ev tərəfindən təsdiqlənmişdi. Bunun fonunda Almaniya və Avstriya Şimali Koreyadakı səfirlərini geri çağırmışdı.
Rafi Müslümov
www.yenicag.az