Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

NATO-nun 2030-cu il hədəfi, güclənən Qərb-Rusiya qarşıdurması və neytral Azərbaycan – Politoloqdan DƏYƏRLƏNDİRMƏ

“Qoşulmama Hərəkatına daxildir və Qərb-Rusiya qarşıdurması şəraitində neytral siyasət yürütməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında NATO-nun perspektiv planları və Qərb-Rusiya qarşıdurmasının mümkün ssenarisi haqda danışan politoloq Qabil Hüseynli deyib.

NATO-nun baş katibi Yens Stoltenberqin “NATO-2030” mövzusunda alyansdaxili müzakirələrə başlamaq təşəbbüsü ilə çıxış etməsi Şimali Atlantika blokunun gələcək fəaliyyətinin qurulması baxımından strateji əhəmiyyət kəsb edir. Qeyd olunur ki, bu müzakirələr NATO-nun gələcək hədəflərini müəyyənləşdirməlidir.

Bu sırada NATO-nun Rusiya, Çin və terror şəbəkələrinin təhdidlərini zərərsizləşdirməyə yönəlik hazırlığı ön plana çəkilir. Belə bir şəraitdə Qərb-Rusiya ziddiyyətlərinin mümkün inkişafı mühüm və həssas coğrafiyada yerləşən Azərbaycan üçün də ciddi əhəmiyyət daşıyır.

NATO-nun gələcək hədəfləri və Rusiya ilə rəqabətdə imkanları dəyərləndirən politoloq Qabil Hüseynli bu qarşıdurmada Şimali Agtlantika blokunu favorit hesab edir:

“Nə qədər sülhpərvər çağırışlar olsa da, NATO ilə Rusiya arasında kəskin qarşıdurmanın səngiməyəcəyi açıq görünür. NATO Şərqi Avropada hərbi potensialını artırmaqdadır, Polşa və Rumıniyaya orta mənzilli nüvə raketləri və nüvə başlıqları daşıya biləcək raketlər yerləşdirir. Ən əsası, NATO-nun hərbi doktrinasında “Rusiya bir nömrəli düşməndir” tezisi hələ də dəyişməz qalır.

Buna cavab olaraq Rusiya da özünün hərbi doktrinasında dəyişikliklər etdi. Əvvəllər orta mənzilli nüvə raketlərinin NATO-nun sərhədləri boyunca yerləşdirilməsi haqqında qərarın icrasına başlanılmışdı. NATO tərəfindən nüvə silahının tətbiq edilməsi imkanı verən sərhədlərin sırası genişləndirilir. Bu gün artıq nüvə silahı olmayan ölkələrə belə nüvə zərbəsi endirilməsi məsələsi doktrinaya daxil edilir.

Bütün bunlar Avropa ölkələrinə, xüsusilə də, Şərqi Avropa ölkələrini təhdid edən məqamdır. Bu isə o deməkdir ki, NATO ilə Rusiya arasındakı münasibətlər getdikcə daha da gərginləşəcək. Sürətli silahlanma artıq kosmosa da keçib. Amerika Marsda, Ayda və ümumiyyətlə, kosmosda döyüş başlığı olan hərbi silahların yerləşdirilməsinə başlayıb.

Rusiya buna cavab verməyə çalışır, ancaq fikrimcə, Rusiyanın texnoloji potensialı buna imkan vermir. Yeni növ koronvirusun yayılması da Rusiyanın mövqelərinə ciddi zərbə vurdu. Bu yarışda başda Amerika olmaqla, NATO Rusiyanı çökdürə biləcək addımlar ata biləcək. Azərbaycana gəldikdə isə ölkəmiz Qoşulmama Hərəkatına daxildir və Qərb-Rusiya qarşıdurması şəraitində neytral siyasət yürütməlidir”.

Aqil Bəkir

www.yenicag.az

367