!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nazirlə tez-tez bağda görüşürəm, 50 min dollar ver…” – Baş həkim müavininin ŞOK dələduzluq işi

!Reklam – Yazi

Azərbaycanda vəzifəli şəxslərin dələduzluğu, insanların külli miqdarda vəsaitlərinin mənimsənilməsi ilə bağlı faktların sayı getdikcə çoxalır. Aşağıda təqdim etdiyimiz material da bu xüsusdadır. Özəl klinikaların birində çalışan baş həkimin müavini özünü yüksək vəzifəli şəxslərin yaxını, dostu kimi təqdim edərək həmkarlarından işə düzəltmək adıyla 50 min dollar pul alıb. İnanılmaz dələduzluq ssenarisində çox maraqlı epizodlar var.

Məsələn, məlum olur ki, həmin dələduzluq edən şəxsi hüquq-mühafizə orqanlarının cəngindən BDU-nun hüquq fakültəsinin dekan müavini olmuş, dələduzluq üstə həbs olunandan sonra vəzifəsini itirən Məhəmməd İmanlı qurtarıb. 50 min dollar pul mənimsəyən şəxsi bu gün də məhkəmədə qoruyan, həbsinin qarşısına sipər çəkən məhz həm “peşə”, həm də qohumluq əlaqələri olan M.İmanlıdır. İşdə yüksək vəzifəli şəxslərin adıyla alver etməkdən tutmuş, qanunsuz məhkəmə prosesləri, ağıla gələn və gəlməyən dələduzluq üsulları və cinayətkar şəbəkənin xeyli qurbanları var…

Hüseyn Ələkbərov 2016-cı ildə Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi, oğlu isə Bakı Medical Plaza klinikasında cərrah kimi çalışdığı dövrdə dələduzluqla üzləşib. Sabiq baş həkim BakuPost-a açıqlamasında bildirib ki, 2016-cı ildə oğlunun cərrah işlədiyi Bakı Medical Plaza klinikasının baş həkiminin müavini Qasımov Feyzulla Apo oğlu və onun oğlu Rəfael Qasımov tərəfindən aldadılıb. Bu prosesdə onun əsas “silahı” özünü yalandan yüksək vəzifəli şəxsləri dostlu kimi təqdim etməsi olub.

Belə ki, F.Qasımov səhiyyə naziri Oqtay Şirəliyevlə yaxın dostluğundan, Mərdəkanda bağda tez-tez görüşmələrindən, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər nazirinin müavini, general Telman Əliyevi müalicə edərək ölümdən qurtarmasından və sairədən danışaraq, “qurbanının” gözündə özünün “mötəbər adam” obrazını yaratmağa nail olub. Bundan sonra nazirin köməyi ilə H. Ələkbərovu Bilgəh qəsəbəsində yerləşən Kardioloji Sanatoriyaya baş həkim, oğlunu isə Bakıdakı xəstəxanalardan birinə şöbə müdiri təyin etdirə biləcəyini deyib. F.Qasımov həmin vaxt otağındakı Natiq adlı şəxsin general Telman Əliyevin bacısı oğlu olduğunu bildirib. Deyib ki, o, Araz Ağalarovun dostu, ailənin ən etibarlı adamıdır. O cümlədən Natiqin yaxın dost kimi ona Bakıda qolf meydançasının yaxınlığında ev hədiyyə etdiyini də söyləyib.

Feyzulla Qasımov

F.Qasımov oğlu R.Qasımovun hüquqşünas olduğunu, sənədləşmə işlərində onlara kömək edəcəyini deyib. 2016-cı il aprel ayının 30-da H.Ələkbərov və oğlunun CV-ləri F.Qasımovun yanında onun oğlu Rəfaelə çatdırılıb.
Beləliklə, H.Ələkbərov və oğlunun vəzifə təyinatları vədi müqabilində tələb edilən 50 min dollar bir ay müddətində hissə-hissə xəstəxanadakı iş otağında F.Qasımova verilib.

Səhiyyə nazirinin, şöbə müdirinin qəbuluna gediblər…
Bundan sonra F.Qasımov vəzifə təyinatını gözləyən Ələkbərovları bir neçə dəfə, guya, səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən qəbul ediləcəkləri vədi ilə Səhiyyə Nazirliyinə göndərib. Ancaq Səhiyyə Nazirliyinin binası qarşısında gözləsələr də, onları qəbul edən olmayıb. Hər dəfə görüş baş tutmayanda F.Qasımov müxtəlif bəhanələr gətirib. Guya, nazirin görüşü olub, qonağı var, iclasdadır və sairə… Belə bəhanələr uzun çəkdiyindən sonrakı dövrdə F.Qasımova inamsızlıq yaranıb. H.Ələkbərov və oğlu verdikləri pulun geri qaytarılmasını tələb etməyə başlayıblar. Belə olduqda F.Qasımov Ələkbərovları inandırmaq istəyib ki, vəzifə təyinatlarını Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım şöbəsinin müdiri Gülmirzə Poladov gecikdirir. Guya G.Poladov ölkəyə satış üçün ov silahlarının gətirilməsi ilə məşğul olan F.Qasımovdan silah xahiş edib, silahın çatdırılması gecikdiyi üçün də əmri yubadır. Hətta F.Qasımov ölkəyə silah gətirilməsi işi ilə məşğul olduqlarını sübut etmək üçün onlara “Kalaşnikov” markalı bir avtomat silah da göstərib. Ancaq bu bəhanə də uzun sürməyib, tərəflər arasında təyinatların yubanması ilə əlaqədar yenidən narazılıq başlanıb. F.Qasımov vəziyyəti nisbətən normallaşdırmaq üçün verilən pulun az bir hissəsini – 2 min manatını geri də qaytarıb. Daha sonra isə yeni başaldatma üsulunu işə salıb.

Günlərin birində özünü Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım (TTY) şöbəsinin müdiri Gülmirzə Poladov kimi təqdim şəxs H.Ələkbərovun mobil telefonuna zəng açıb, F.Qasımovun tapşırığı ilə onlara kömək etdiyini, yaxınlarda vəzifə təyinatına dair əmrlərin veriləcəyini bildirib. F.Qasımov bununla da kifayətlənməyib, H.Ələkbərov və oğlunu inandırmaq üçün başqa yollara da əl atıb. Məsələn, onlar “Koroğlu” metrostansiyası qarşısında Cavanşir adlı şəxslə görüşə göndərilib. Cavanşir bu vəzifə təyinatlarına kömək edəcək məsul vəzifəli şəxslərdən biri kimi təqdim olunub. Sonradan üzə çıxıb ki, həmin Cavanşir əslində “Neftçilər” metrostansiyası ətrafında çalışan taksi sürücüsüdür…

Tələb edilən 50 min dolların (77 min 552 manat) hissə-hissə F.Qasımova verilməsi başa çatandan sonra G.Poladov kimi özünü təqdim edən şəxsin də zəngləri kəsilib. Bundan narahat olan Ələkbərovlar Səhiyyə Nazirliyinə G.Poladovun qəbuluna gediblər. Orada məlum olub ki, H.Ələkbərova zəng açan G.Poladov deyilmiş. Sonradan, istintaq vaxtı G.Poladovun adından zəng açan şəxsin F.Qasımovun oğlu Rəfael olduğu üzə çıxıb…

Həsənovun “oğlu”ndan torpaq təklifi, “Hacı” müəmması

G.Poladovla bağlı yalan ifşa olunduqdan sonra heç bir bəhanələri qalmadığını görən Qasımovlar H.Ələkbərov və oğluna dil tökməyə, yalvarmağa, pulu qaytarmaq üçün vaxt istəməyə başlayıblar. Pulun müqabilində guya R.Qasımova məxsus olan və Qobustanda yerləşən şübhəli bir torpaq sahəsi təklif olunub. Həmin torpağa aid sənədi özünü R.Qasımovun yaxın dostu, sabiq xarici işlər naziri Həsən Həsənovun oğlu kimi təqdim edən Rəşad adlı şəxs Ələkbərovlara təklif edib.

H.Ələkbərov BakuPost-a bildirib ki, əslində onlardan alınmış 50 min dollar müqabilində torpaq təklif olunmasında da Qasımovların xüsusi məqsədi olub. Belə ki, onlar, çox hiyləgərcəsinə gələcəkdə dələduzluğa görə açılacaq cinayət işinin mülki işə çevrilməsinə zəmin yaratmaq niyyətini güdüblər. Lakin həmin vaxt hüquqşünasla məsləhətləşən Ələkbərovlar bu təklifi qəbul etməməklə növbəti tora düşməkdən özlərini sığortalaya biliblər. Qarşılığında isə Qasımovlara 50 min dolları qaytarmaq üçün 15 gün vaxt veriblər. Bu zaman özünü “Hacı” kimi təqdim edən bir şəxs meydana çıxıb. “Hacı” Ələkbərovlara bildirib ki, Qasımovlar qaytarılması tələb edilən pulu toplayır, yaxın günlərdə pul qaytarılacaq. Qasımovlara verilən müddət tamam olduqdan sonra “Hacı”nı axtarsalar da, tapa bilmirlər.

Bundan sonra Ələkbərovlar Daxili İşlər Nazirliyinə şikayət edirlər və 2016-cı ildə şikayət əsasında Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (dələduzluq) ilə cinayət işi açılır. Ancaq nə sirdirsə, Xətai Rayon Polis İdarəsi F.Qasımovu saxlamır. Bu proses 2 ilə qədər davam edir, işdə süründürməçilyə yol verilir. Bu zaman “Hacı” yenidən peyda olur. Ələkbərovlara məlum olur ki, “Hacı” deyilən şəxs cinayətkar dəstəyə hüquqi məsləhətlər verən, əvvəllər özü də dələduzluğa görə məhkum edilmiş Bakı Dövlət Universitetinin sabiq dekan müavini, professor Məhəmməd İmanlıdır. M.İmanlı Qasımovlarla birgə Xətai Rayon Polis İdarəsində canfəşanlıq göstərir.

Xətai Rayon Polis İdarəsində süründürməçiliyi görən Ələkbərovlar Bakı şəhər prokuroru İlqar Abbasovun qəbuluna gedir, dərdlərini danışırlar. İşin obyektiv araşdırılması üçün cinayət işi Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) verilir. F.Qasımovun cinayəti tam sübuta yetirilərək, o, Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılır. Xətai Rayon Məhkəməsi F.Qasımovun barəsində həbs qətimkan tədbiri seçir.

Hüquqçu hakimləri necə ovsunlayır?

232015 növbəti dəfə də səhnəyə M.İmanlı çıxır. Ələkbərovlara məlum olur ki, M.İmanlı Qasımovların kürəkənidir. O, Ələkbərovlara barışıq təklif edir, Qasımovların peşman olduqlarını bildirir. M.İmanlı BŞBPİ-də müstəntiq Rauf Məmmədovun yanında yazılı iltizamnamə verərək dəymiş ziyandan 20 min manat qaytarır, yerdə qalan pulu isə qaytarmaq üçün 1 ay vaxt istəyir. Bunun müqabilində Ələkbərovlar Feyzulla Qasımovun ev dustaqlığına çıxmasına etiraz etmirlər. Lakin bu dəfə də Ələkbərovları M.İmanlı aldadır. F.Qasımov ev dustaqlığına çıxan kimi pulun qalan qismini qaytarmaqdan imtina edir, Ələkbərovları hədələməyə başlayırlar.

H.Ələkbərov BakuPost-a deyib ki, ötən dövr ərzində M.İmanlı barəsində ətraflı məlumat əldə edərək, onun məşhur dələduz olduğunu öyrəniblər. F.Qasımov ev dustaqlığına çıxandan sonra M.İmanlı Ələkbərovlara bildirir ki, F.Qasımov həkimdir, adına dələduz damğası vurulmasın, iş polisdə həll edilsin və məhkəməyə getməsin. Ələkbərovlara 30 min manat da verəcəyini, yerdə qalan 27 min 552 AZN-i isə verməyəcəyini, bu pulu onlara güzəştə getməyi əvvəl xahiş, sonra hədə-qorxu ilə tələb edir. Bildirir ki, deyənə razı olmasalar, Ələkbərovlar məhkəməni uduzacaq. M.İmanlı deyir ki, professordur, “Cinayət hüququ” dərsliyini məhz o yazıb, ona gücləri çatmayacaq, işi məhkəmədə öz dostuna saldıracaq, bu barədə də artıq razılıq əldə edib. M.İmanlı Ələkbərovlara bildirir ki, 30 min hakimin qabağına atsa, hakim Feyzullanı təmizə çıxaracaq, sonda bəraət verəcək. Hətta Ələkbərovlardan verdiyi 20 min manatı da geri almaqla hədələyir.

H.Ələkbərov deyir ki, M.İmanlı və R.Qasımov bu işdə şahid qismində dindirilən Yadigar Əliyev adlı şəxsi görüşə çağırıb, dilə tutmağa, pul müqabilində ifadəsini dəyişib onların xeyrinə ifadə verməyə razı salmağa çalışıblar. M.İmanlı Y.Əliyevə bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə də onları tapşırıblar, işə baxacaq hakim Cavid Hüseynov da onun dostudur. Əlavə edib ki, Apellyasiya Məhkəməsində də adamları var, işlərini hər incə detalınadək planlaşdırıblar, sonda Feyzulla bəraət alacaq. Sonradan Y.Əliyev Ələkbərovlara deyib ki, M. İmanlının ondan bir xahişi var. O, bildirib ki, hakim C.Hüseynov Y.Əliyevin bir epizodda fərqli ifadə verməsini məsləhət görüb. Məsləhət də bu olub ki, Y.Əliyev məhkəmədə pulun “Koroğlu” metrostansiyasının qarşısında Cavanşir adlı şəxsə verildiyini söyləsin. M.İmanlı bildirib ki, əgər Y.Əliyev belə ifadə versə, qalan məsələni hakim özü həll edəcək (Səs və videoyazını sizə təqdim edirəm).

H.Ələkbərov bildirir ki, M.İmanlı dediyini edib, həqiqətən də işi məhkəmədə öz dostuna verdirib: “Bir ildir ki, 1 epizodlu, 1 təqsirləndirilən şəxs və 15 şahidi olan sadə işi hakim Cavid Hüseynov süründürür, məhkəməni planlı olaraq uzadır. Məhkəmə istintaqı çoxdan bitib, prokuror cinayətin sübuta yetirildiyini bildirərək Feyzullaya 6 il həbs cəzası istəyib. Son məhkəmə prosesi 2018-ci ilin sentyabr ayında oldu, sonra oyunlar başladı. Hakimin göstərişi ilə müttəhim özü, vəkilləri, gah da hakimlər özləri müxtəlif bəhanələrlə məhkəməyə gəlmirlər, hörmətsizlik edirlər. Hər dəfə bir bəhanə ilə məhkəmə təxirə salınır, planlı olaraq uzadılır, hökm oxunmur. Bir ildir analoqu olmayan, sonu görünməyən məhkəmə gedir. Verdiyimiz şikayətlər, sorğular isə cavabsız qalır, sanki gözəgörünməz bir qüvvə bu dələduzları müdafiə edir…”

SOCAR-a aid torpaqlara saxta sənədlər verən və PA-ya “işə” düzəldən…

H.Ələkbərov nəzərə çatdırıb ki, F.Qasımovun oğlu R.Qasımov barədə sonralar daha geniş məlumat əldə ediblər: “Rəfael Qasımov da atası kimi dələduzluqla məşğuldur. Dövlət Bayrağı Meydanı İdarəsində, Təhsil Nazirliyində hüquqşünas işləyib, yarıtmaz fəaliyyətinə görə işdən qovulub. Hazırda hüquqşünas kimi qanunsuz xidmətlər göstərir. Sabunçu rayon ərazisində SOCAR-a aid torpaqlara saxta sənədlər düzəldərək kütləvi satdığına görə polisə verilib, Məhəmməd İmanlının köməyi ilə canın qurtara bilib. Nəsimi Rayon Polis İdarəsində dələduzluğa görə saxlanılıb, dəymiş ziyanı ödəyərək azadlığa çıxıb. Atası Feyzulla Qasımovla əlbir olub, M.Bayramov adlı şəxsi də aldadaraq, onun oğlunu Prezident Aparatına işə düzəldəcəyinə söz verib, 36 min manat pulunu alıb, ona saxta vəsiqə də təqdim edib. Hazırda bu işlə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində barəsində istintaq gedir. Burda da Məhəmməd İmanlının köməyi ilə istintaq nəməlum səbəbdən durdurulub. Yəni bir ailədən 3 kişi, hər üçü də peşəkar dələduzdurlar…”

BakuPost-un əməkdaşı işdə adı hallanan M. İmanlı ilə əlaqə saxlayıb. O deyib ki, hamının qohumu var, hər kəs öz əməlinə görə cavabdehdir: “Bu məsələdə kim mənin adımı hallandırır, səhv edir. Bu məsələdə mənlik bir şey yoxdur”. M.İmanlı digər suallara cavab verməyib.

Mövzunun davamı olacaq.

 

www.yenicag.az

4802
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv