“Neftçi”nin baş məşqçisi: “Abubakar 90 dəqiqə oynamağa hazır olmalıdır”
Misli Premyer Liqasının IX turunda “Neftçi” səfərdə “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib.
Yenicag.az xəbər verir ki, oyundan sonra “Neftçi”nin baş məşqçisi Samir Abasov qarşılaşma ilə bağlı fikirlərini bildirib.
Abasov rəqibi və “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadzeni təbrik edib:
“Qəbələ çox yaxşı komandadır. Burada oynamaq həmişə çətindir və birinci hissə bunu bir daha göstərdi. Komandamı təbrik edirəm, futbolçularım oyuna tam məsuliyyətlə yanaşdılar. Azarkeşlərimizə də təşəkkür edirəm. Yolumuza davam edirik”.
Mütəxəssis start heyətində uzun müddət oynamayan Elvin Camalov və Edvin Kuçu meydana buraxmasının risk olmadığını deyib:
“Mərkəzi möhkəmləndirmək istəyirdik. Hər iki oyunçu buranı yaxşı tanıyır və özlərini doğrultdular”.
O, Sessi Dalmeydanın ehtiyatda qalmasının taktiki qərar olduğunu da vurğulayıb:
“Sadəcə bu oyunda başqa futbolçulara üstünlük verdik. Bütün oyunçular hazır olmalıdırlar”.
Abasov Vensan Abubakarın oyuna daxil olduqdan sonra matçın gedişatını dəyişdiyini etiraf edib:
“Abubakar təcrübəsini göstərdi. Belə futbolçular meydanda fərq yaradır. Biz də istəyirik ki, o, 90 dəqiqə oynamağa tam hazır olsun”.
Baş məşqçi həmçinin komandanın ümumi nəticələrindən danışıb:
“Qəbul edirəm ki, 9 turda 2 qələbə azdır. Amma təhlillər aparırıq, oyunlarımızda irəliləyiş var. Məqsədimiz hər matçda qalib gəlməkdir”.












