Nigeriyalı ictimai fəal Qarabağla bağlı kitab yazdı
Nigeriyalı bir dostumuz var. Adı da Nik Nvolisa (Nick Nwolisa). Təxminən 20 il öncə tələbə kimi Azərbaycana gəlib, Xəzər Universitetində oxuyub. Eyni zamanda boş durmayıb, ictimai fəaliyyətə könül verib.
Niklə mənim tanışlığım illər öncə dəyərli dostumuz Umud Rəhimoğlunun başçılıq etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub. Həmin dövrdə mən də BAMF-da işləyirdim. Nik isə mənə qədər orada işləyirdi, fəal bir gənc idi.
Umud Rəhimoğlu bir çox xarici ölkə vətəndaşları kimi Niki də Qarabağ məsələsində səfərbər etmişdi. İşin yaxşı tərəfi odur ki, Nik Qarabağ problemi ilə mahiyyəti üzrə maraqlanır, gerçəkləri öyrənir və dünyaya ötürməyə çalışırdı. Ondan bunu tələb edən yox idi. Sadəcə obyektiv və ədalətli olması istənirdi, o da yetərincə dürüst idi bu məsələdə…
İllər keçdi, biz Niklə münasibətləri davam etdirdik. Yeri gəlmişkən, o, Azərbaycanlı qız – Lalə ilə evlənib, hazırda cütlüyün 3 uşağı da var. Gözəl bir ailə, xoşbəxt bir ocaqdır Nvolisalar.
…Bugünlərdə Nik yeni bir kitabla oxucuların görüşünə gəlib. İngilis dilində, 227 səhifəlik kitab “Mənim Qarabağa səfərim” (“My trip to Karabakh”) adlanır. Əlbəttə, xəbəri eşidər-eşitməz kitabı aldım, mümkün qədər tez də oxumağa çalışdım.
…Ötən həftə sonu Nikin Qarabağ səfərini oxudum.
Hər şeydən öncə bir Azərbaycan vətəndaşı olaraq dəyərli dostumuza kitabda obyektiv və ədalətli yanaşmasına görə təşəkkür edirəm. Biz dünyadan yalnız bunu istəyirik. Heç kəsdən istəyimiz yoxdur ki, bizim tərəfimizdə olsun. Sadəcə ədalətli olsunlar, yetər. Nik də yetərincə ədalətlidir öz kitabında.
İşin ən diqqət çəkən məqamı odur ki, kitabda müəllif öz gördüklərini, yaşadıqlarını, gəldiyi qənaətləri paylaşıb. Əlbəttə, tam bir neytral mövqe dərhal diqqət çəkir.
Kitabı həm də ona görə həvəslə oxudum ki, bildiyim, özünün təmkini və ədalətli, neytral yanaşması ilə tanıdığım Nikin necə yazdığını görüm. Nə deyim, gözləntilərim özünü doğruldub, bir Azərbaycanlı olaraq yazılanlardan razı qaldım.
Nik kitabda bir çox önəmli məqamlara toxunur. Onların arasında bizim daim haqqında danışdığımız – illərlə əziyyət çəkdiyimiz informasiya blokadasına özünəməxsus yanaşma var. Bizim kimi Nik də Azərbaycana qarşı aparılan kampaniyalar, bizimlə bağlı informasiyaların ələkdən keçirilərək yanıldıcı şəkildə yayımlanmasını göz önünə sərir.
Nik Füzulidən başlayan Qarabağ səfərlərini Tərtərdə, Ağdamda, ən əsası da işğaldan azad edilmiş Şuşada davam etdirməsindən ürək dolusu danışır.
Müəllif həm də bu illər ərzində Umud Rəhimoğlu başda olmaqla münasibətdə olduğu, birlikdə işlədiyi, iş birliyi etdiyi fəal insanlar haqqında yazır. O, lütf edib, bizimlə bağlı da kiçik qeydlərinə bu dəyərli əsərində yer verib.
Ümumiyyətlə isə bir əcnəbinin – neytral şəxsin yazması baxımından “Mənim Qarabağa səfərim” kitabı çox dəyərlidir. Biz elə illərdir onun üçün çalışırıq ki, neytral mövqeyi olan, amma ədalət hissini itirməyən şəxslər gəlsin, görsün, gördüklərini də bərbəzəksiz – olduğu kimi yazsın, çəksin, göstərsin. Nik bunu etməyi bacarıb.
Kitabı mən oxudum, imkanı olan hər kəsə də tövsiyə edirəm. Kitab dükanlarından əldə etmək olar. Elə də baha deyil. Lap baha olsa belə imkanı olanlar alsın. Çünki biz o cür kitablara azacıq pul xərcləməklə Azərbaycanın haqlı səsini dünyaya yaymağa töhfə vermiş oluruq…












