“Polis insanların küçə və həyətlərdə üç nəfərdən artıq sayda toplaşmalarına imkan vermir”.
Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Türkmənistanda yaranmış vəziyyəti dəyərləndirən türkmən əsilli Rusiyalı jurnalist Batır Məhəmmədov deyib.
Batır Məhəmmədovun sözlərinə görə, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov sələfi Saparmurat Niyazovun qurduğu totalitar rejimi olduğu kimi saxlayıb:
“SSRİ-nin süqutundan sonra şəxsi diktaturanı inkişaf etdirmək məntiqi ona gətirib çıxardı ki, Türkmənistan rəhbərliyi xarici aləmlə əlaqələri təhlükə kimi görməyə başladı. Bu, nəticə etibarilə özlüyündə paranoyanı xatırladırdı. İş bəzən kuryoz həddinə də çatırdı.
Məsələn, ölkədə 1998-ci ildə viza rejiminin tətbiqinə qədər çeçenlərin Türkmənistana girişi qadağan olunmuşdu. O vaxt mənim tanışlarımdan birinin evində qonaq qalan iki çeçeni polislər gecəyarısı təhdid və dilətutma ilə ölkədən çıxmağa məcbur etmişdilər.
Keçmiş prezident Saparmurat Niyazovun silahdaşı olmuş sabiq xarici işlər naziri Boris Şıxmuradov Türkmənistanın “BMT tərəfindən tanınan neytral dövlət” ideyasına görə yüksəlməyə nail olmuşdu. Ancaq sonra onların mövqeləri toqquşdu və Şıxmuradov 2002-ci ilin noyabrında baş tutmayan dövlət çevrilişinə cəhdin təşkilində ittiham edildi. Şıxmuradov həbs edildi və onun taleyi hələ də məlum deyil.
2006-ci ildə baş verən hakimiyyət dəyişikliyindən sonra da Türkmənistanda demək olar, heç nə dəyişməyib. Yəni Niyazovun qurduğu totalitar rejim tamamilə saxlanılıb. Eyni zamanda, vətəndaşlar üçün nəzərdə tutulmuş çoxsaylı düşərgə və həbsxanalar “effektli” fəaliyyət göstərir, polis zorakılığı isə artıq sürreal xarakter alıb.
Aşqabadda iş o yerə gəlib ki, polis insanların küçə və həyətlərdə üç nəfərdən artıq sayda toplaşmalarına imkan vermir. Hətta binaların qarşısında yerləşdirilmiş skamyalar və söhbət yerləri də sökülüb. Şəhərin küçələrində foto və video çəkilişlər aparmaq qadağandır. Axşam saat 7-dən sonra Aşqabad “ölü şəhər” təsiri bağışlayır. Aşqabad paytaxtdan çox xüsusi rejimli böyük cəza düşərgəsini xatırladır.
Digər tərəfdən, Niyazov və Qurbanqulu Berdiməhəmmədov bir-birilərindən kəskin fərqlənirlər. Mən mərhum Niyazovu ideallaşdırmaq fikrindən çox uzağam, ancaq o, “partkom”luqdan sovet respublikalarından birinin rəhbəri vəzifəsinə qədər böyük məktəb keçmişdi. Həmçinin hökumət başçısı olmaqla, xalq təsərrüfatının idarə olunmasını bilirdi. Lakin bu fikirləri Türkmənistanın indiki “sahib”i haqqında demək mümkün deyil. Berdiməhəmmədov Niyazovla müqayisədə stomatologiyadan başqa hansısa sahəyə bələd olmayan, təsadüf nəticəsində hakimiyyətə gəlmiş fiqurdur.
Türkmənistanda hazırda tüğyan edən ərzaq qıtlığının əsas səbəbi isə korrupsiya və ən sadə məsələlərin öhdəsindən gələ bilməyən yarıtmaz hakimiyyətdir. Mühüm vəzifələr tutan Berdiməhəmmədovun qohumları xalqın nifrət hədəfidirlər. Ölkənin hərbi potensialı isə hansısa düşmənə yox, xalqa qarşı yönəlib”.
Qafqaz Ömərov
www.yenicag.az