İş adamı Qarabağa ayrılan investisiyanı Gürcüstana “köçürüb”? - Daşqın Gülməmmədovdan “Mister Dekor”la bağlı CİDDİ İDDİALAR
Azərbaycanda Ağdam Sənaye Zonasının (ASZ) rezidenti olan “Mister Dekor” MMC-nin fəaliyyəti, eləcə də şirkətin direktoru Əli Əliyevin adı ətrafında müzakirələr yaranıb. Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının sədri Daşqın Gülməmmədov Əli Əliyevlə bağlı bir sıra iddialar irəli sürüb.
Yenicag.az xəbər verir ki, Gülməmmədovun iddiasına görə, ASZ-nin rezidenti kimi qeydə alınan “Mister Dekor” MMC “Mister Decor Divar Kağızları zavodu” layihəsi üzrə yatırılan 7 milyon manat məbləğində investisiya paketinin təxminən 3 milyon manatlıq hissəsinin Azərbaycandan çıxarılaraq Gürcüstana yönləndirildiyi bildirilir.

Daşqın Gülməmmədov həmin vəsaitin Gürcüstanın Marneuli Munisipalitetinin Ağaməmmədli kəndi ərazisində aparılan tikinti işlərinə, xüsusilə də ictimaiyyət arasında Əli Əliyevin atası Vəli Əliyevlə əlaqələndirilən şadlıq evi və digər obyektlərin inşasına sərf olunduğunu iddia edib. Gülməmmədov bu proseslərin şəffaflığı, vəsaitlərin mənbəyi və təyinatı ilə bağlı hüquq-mühafizə orqanlarının və aidiyyəti dövlət qurumlarının diqqətinə ehtiyac olduğunu vurğulayıb.

Daşqın Gülməmmədov həmçinin iddia edir ki, Əli Əliyevin adı müxtəlif biznes fəaliyyətləri fonunda təkcə Azərbaycanda deyil, Gürcüstanda da tez-tez hallanır. Onun fikrincə, Azərbaycanda dövlət dəstəyi, güzəştlər və investisiya imkanları hesabına formalaşan maliyyə resurslarının bir qisminin xarici ölkədə, xüsusən də Gürcüstanda şəxsi və ya ailə biznesi ilə əlaqələndirilən layihələrə yönəldilməsi ehtimalı araşdırma tələb edir.

Daşqın Gülməmmədov Əli Əliyevin atası ilə bağlı da ittihamlar səsləndirib: “Əli Əliyevin atası Vəli Əliyev hansısa qeyri-qanuni yolla 2023-cü ildə Marneuli muniçipaliteti Ağaməmmədli kəndində 83.12.04.927 kadastr kodluu kənd təsərüfatı təyinatlı 6000 kvmt torpağın statusunu dəyişdirib, tikinti kateqoriyasına çevirtdirib. “Mister Decor” MMC-nin direktoru Əli Əliyev qara yolla Gürcüstana göndərdiyi maliyə ilə şadlıq evi tikdirir. Nə üçün tikdirir bu barədə mən Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinə sorğu göndərmişəm. Guya xalq üçün tikdirir və toy mərasimləri üçün nəzərdə tutulub. Ancaq məqsəd başqadır. Bu araşdırılır.

Vəli Əliyev hazırda tikintisinə qadağa qoyulmuş obyektə xərclədiyi maliyyənin rəsmi mənbəyini mütləq açıqlamalı olacaq. Artıq 10.000 lari cərimə yazılıb və məsələ Marneuli meriyası tərəfindən məhkəməyə göndərilir. Təbii ki Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Anti-Korrupsiya Agentliyi və Gürcüstan Baş Prokurorluğu araşdırma başlatmalıdır”.
Yazıda adı çəkilən şəxs və qurumların mövqeyini yayımlaya bilərik.
Cəmil Qaraçöplü












