Tako Tamuna: “Azərbaycanla Gürcüstan arasında media forum çox yaxşı təəssürat yaratdı”
Bakı şəhərində “İctimai etimadın formalaşmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan–Gürcüstan media forumu keçirilib.
Bu media forumunun Azərbaycan və Gürcüstan arasında media sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini tədbirdə iştirak edən gürcü bloqer Tako Tamuna Yenicag.az-a şərh edib.

Tako Tamuna bildirib ki, forum onda çox müsbət və isti təəssürat yaradıb:
“Azərbaycan və Gürcüstan arasında keçirilən media forumu həqiqətən çox güclü və isti təəssürat buraxdı. Jurnalistlər, bloqerlər, media mütəxəssisləri və ekspertlər real problemləri müzakirə edir, təcrübə mübadiləsi aparır, ortaq məqamlar axtarırdılar – media məhz belə işləməlidir.
İki ölkə arasında qarşılıqlı hörmət, açıqlıq və əməkdaşlığı inkişaf etdirmək istəyi açıq şəkildə hiss olunurdu. Müasir dünyada KİV-in rolu, feyk xəbərlər, sosial şəbəkələrin təsiri kimi mövzular müzakirə olundu.
Forumun təşkilatlanması və atmosferi ən yüksək səviyyədə idi, bu layihənin təşkilatçılarına və təşəbbüskarlarına təşəkkür etmək istəyirəm! Belə görüşlər Azərbaycan və Gürcüstan arasında münasibətləri təkcə siyasi səviyyədə deyil, həm də insani, media və peşəkar müstəvidə gücləndirir. Bu, bu gün üçün çox zəruri olan formatdır”.
Bloqer vurğulayıb ki, bu tip tədbirlər regionda informasiya əməkdaşlığının yeni mərhələyə keçməsinə təkan verir.
Rüstəm Qasımov












