“Qadın qətlləri ilə bağlı məsələdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətsizliyi özünü göstərir”.
Bu sözləri Azərbaycanda qadın cinayətlərinin artmasına təsir edən amilləri dəyərləndirən “Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında deyib.
O, qeyd edib ki, fiziki və ya mənəvi şiddət görərək polisə şikayət edən qadınları əsasən həyat yoldaşı ilə barışdırırlar. Bu üsulun hər ailəyə tətbiq olunması problemin həllində effektiv rola malik deyil:
“Qadınlara qarşı törədilən cinayətlərlə statistik göstəricilər arasında uyğunsuzluq var. Bəzən məişət zəminində özünü asan və ya intihar edən qadınlarla bağlı məlumatlar yayılır. Bu hadisə cinayət kimi qəbul edilmir. İntihar edən qadını buna vadar edən əməllər araşdırılmalıdır. Bir qadını kimsə asmasa da, hər halda onu intihara təhrik edən şəxslər olur. Qadına qarşı törədilən cinayətin başlıca addımı onu mənəvi şiddətə məruz qoymaqdır. Bu gün mənəvi şiddət tətbiq edən insan sabah fiziki şiddətlə yanaşı, cinayət də törədə bilər. Sonuncu qətl hadisəsində göründüyü kimi, əri tərəfindən döyüldüyünə görə beş ay əvvəl şikayətçi 23 yaşlı Sevinc Məhərrəmova sonradan qətlə yetirilib.
Bu hadisədə hüquq-mühafizə orqanları qadını yoldaşı ilə barışdırmışdı. Lakin qətl hadisəsi bu cür barışdırmaq üsullarının nə dərəcədə doğru olduğunu sual altına salır. Hər ailədə barışdırma metodundan istifadə etmək düzgün yanaşma deyil. Qadın qətllərinə yol açan əsas səbəblər ciddi şəkildə araşdırılmalıdır və problemin qarşısı mütləq alınmalıdır. Bu məsələdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətsizliyi özünü göstərir. Problemin həllində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (QHT) və sosial işçilərin fəaliyyətinə şərait yaradılmalıdır”.
İqtisadçı Samir Əliyev isə mövzuyla bağlı bildirib ki, Azərbaycanda cinayətkarlığın satistikası reallığı tam əks etdirmir və mümkün qədər gizlədilir:
“Qadınlara qarşı cinayətkarlığın statistikası daha bərbaddır. Hər il minlərlə qadın cinayətin, məişət zorakılığının qurbanı olur, onların az bir hissəsi rəsmi təsdiqini tapır. Səbəblər isə müxtəlifdir. Buna rüşvətxorluq, ailə dəyəri kimi cəmiyyətə sırınan stereotiplər, hüquq-mühafizə orqanlarının məsuliyyətsiziyi və s. səbəbləri misal çəkmək olar. Cinayətləri törədən amillər isə həm psixoloji, həm də sosial-iqtisadi durumdan qaynaqlanır “Ər evinə gedən qız həmin evdən ancaq tabutda çıxmalıdır” kimi təhlükəli deyimlər də az rol oynamır”.
Gülşən Şərif