Öncə “Elba”, indi “Kristal CF”! – Halala haram qatanlar… – Fakt
Eyyub Hüseynov: ““Halal” kolbasalara donuz piyi ilə yanaşı böcək qatırlar”
Öncə “Elba”nın, ardınca isə “Orxan-SS” firmasının istehsal etdiyi “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasasının tərkibində donuz əti və piyi aşkar edilib. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən verilən məlumatda deyilir ki, yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aparılan monitorinq zamanı ticarət şəbəkəsindən nümunə olaraq götürülmüş “Orxan-SS” firmasının istehsal etdiyi “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasasının laboratoriyada sınaqları aparılıb. Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST ) laboratoriyasında DNT ekstraksiyası üsulu ilə aparılan müayinələr nəticəsində üzərində “halal” sözü yazılmış “Kristal CF” əmtəə nişanlı yarım hisə verilmiş “Baranina” kolbasasının tərkibində AZS 731-2012 “Halal qida” standartına zidd olaraq donuz əti və piyi aşkar edilib.
İstehlakçılar arasında “halal” nişanlı məhsullara inamın azalması və istehlakçıların çaşdırılması ilə nəticələnən belə halların qarşısını almaq məqsədilə Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri aparılır və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
Təbii ki, halala haram qatmaq “halal” sertifikatına inamı məhv edir. İnsanlar bu kimi hallarla üzləşdikdən sonra nəinki o firmalara, ümumiyyətlə “halal” sertifikatına inamları qalmır.
Ümumiyyətlə, “halal” sertifikatı Azərbaycanda özünü ümumiyyətlə necə doğruldur?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Yenicag.az-a bildirib ki, “Bir aya yaxındır ki, Azad İstehlakçılar Birliyi, Qafqaz Müsəlmanları İdarəsi, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyilə birlikdə, onun təsis etdiyi “Asert” halal MMC ilə və digər maraqlı qruplarla iş aparırıq. Üç dəfə bu istiqamətdə görüşümüz olub. “Halal” sertifikatı məsələsi ölkədə acınacaqlı vəziyyətdədir. Keçən ilin oktyabrında dünya halal konqresində iştirak etmişdim. Ora dünyanın 56 ölkəsindən müsəlman alimləri toplaşmışdı. Üç gün müddətində müzakirələr olsa da, məlum oldu ki, “halal” sertifikatı ilə bağlı dünyada vahid mövqe yoxdur. Dövlət Agentliyinin kağız üzərində hazırladığı standart tam beynəlxalq normalara uyğundur. Lakin onun praktikada tətbiqi demək olar ki, mümkün deyil. “Gindes” deyilən xarici təşkilat gəlib Azərbaycana halal sertifikatı verib gedir. Amma ona cavabdehlik daşımır. Bu sahədə böyük hərc-mərclik var. Dövlət Agentliyi və MMC-lərə əsasnamə vermişəm ki, halallıq sertifikatının qəbul olunmasına qeyri-hökumət təşkilatları, dövlət orqanları, İqtisadiyyat Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi və mətbuatın iştirakı ilə kollegial qərar qəbul olunmalıdır. Hazırda bu əsasnamə müzakirədədir. Bu istiqamətdə şəffaf mühit olmasa, tam halallıq tələblərinə cavab verməyən belə malların bazarda satışını mütləq alacağam. Halal sertifikatı ölkəmizdə özünü doğrultmayıb. Çünki, iş şəffaf şəkildə həyata keçirilmir. Burada təkcə donuz məsələsi deyil. Kim zəmanət verə bilər ki, əti kəsən adam üzü qibləyə dayanıb və kəsərkən digər ayinləri də icra edib? Kim zəmanət verə bilər ki, Hindistandan gətirilən ətin başına bir dəfə bıçaq çəkilib. Kolbasa məmulatlarının içərisində 20 dənə inqridentlər var. Məlum olub ki, inqridentlərin biri böcəkdən hazırlanır”.
Rüfət