Zəfərdən sonra dəyişən geosiyasi REALLIQ: "Azərbaycan yalnız bölgədə yox, bütövlükdə qlobal arenada..."
“Vətən müharibəsindən sonra Azərbaycan yalnız bölgənin yox, bütövlükdə qlobal arenada mübahisəsiz hərbi-siyasi güc mərkəzlərindən birinə çevrilib”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib. 
Deputat 44 gün davam edən tarixi Azərbaycan zəfərindən sonra keçən 5 ildə qazanılan uğurlardan danışıb:
“Azərbaycan Respublikasının Vətən müharibəsində böyük Zəfəri yalnız beynəlxalq hüquqdan tanınan ərazilərimizin işğaldan azad edilməsi və suverenliyimizin bərqərar olunması ilə məhdudlaşan şərəfli tarixi proses deyil. Bu qələbə, eyni zamanda, beynəlxalq hüququn aliliyinin təmin olunması, ümumbəşəri dəyərlərə hörmətin bərpası, qlobal təsisatlara və beynəlxalq hüququn gücünə itmiş etimadın qaytarılması baxımından, habelə işğal və təcavüzə hərbi-siyasi yolla son qoyulması təcrübəsinin formalaşması aspektindən qlobal miqyasa malik tarixi hadisədir.
Azərbaycan Respublikası böyük Zəfəri ilə tarixin heç bir dövründə olmadığı qədər özünün bütün ərazilərində suveren haqlarını bərqərar etmiş, konstitusion niyyət olaraq ifadə olanan ərazi bütövlüyünün tam təmininə nail olmuş, eyni zamanda, 30 ildən artıq bir müddətdə ikili strandartlar nəticəsində hökm sürən cəzasızlıq mühitini tək başına öz gücü hesabına aradan qaldırmaqla beynəlxalq ədaləti bərpa etmişdir. Qələbəmiz miqyasca o qədər əhatəlidir ki, ardınca bütövlükdə regionun inkişaf direktivlərini tam formada yenilənməsinə gətirib çıxaran Cənubi Qafqaz kimi mürəkkəb bir coğrafiyada sülh və dayanıqlı sabitlik, əməkdaşlıq mühitinin ehtiva olunduğu konfiqurasiyanın hökm sürdüyü dəyişməz reallıqlar meydana çıxarmışdır. Eyni zamanda, Vətən müharibəsindən sonra Azərbaycan yalnız bölgənin yox, bütövlükdə qlobal arenada mübahisəsiz hərbi-siyasi güc mərkəzlərindən birinə çevrilmiş, yalnız Cənubi Qafqazda yox, ətraf coğrafiyalarda da geosiyasi proseslərin həllində söz sahibinə çevrilmiş orta güc kimi özünü təsdiq etmişdir. Əlbəttə, Azərbaycan bu reallıqlara tarixi proseslərin təbii axarında nail olmayıb, yaranan yeni konfiqurasiyanın təməlində gərgin əmək, sarsılmaz qətiyyət və möhkəm təməllərə malik xalq-iqtidar birliyi dayanır”.
Deputat hazırda daha bir uğurun, Zəngəzur dəhlizinin bir addımlığında olduğumuzu diqqətə çatdırıb:
“Qələbəyə qədər Azərbaycan Rsspublikası Ulu Öndər Heydər Əliyevin nail olduğu siyasi müstəqilliyin müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmləndirilməsi, iqtisadi müstəqilliyə nail olunması, müdafiə sənayesinin formalaşdırılması, ordu quruculuğunun ən müasir standratlara uyğun şəkildə uğurla həyata keçirilməsi, ideoloji işin aparılması, milli ruhda gənc nəsilin yetişdirilməsi kimi çox mürəkkəb mərhələləri böyük nailiyyətlə başa vurmuşdur. Bu gün isə Qarabağ və Şərqi Zəngəzurun öz tarixinin ən genişmiqyaslı quruculuq və bərpa prosesinə şahidlik etməsi, artıq 60 mindən çox soydaşımızın öz ata-baba yurdlarına qayıtması fonunda əminliklə deyə bilərik ki, Azərbaycan Respublikası Zəfərin tamlığına və dayanıqlığına da böyük uğurla nail olmaqdadır”.
Nurlan Cəfəri












