Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Pandemiyadan sonra bizi hansı hisslər gözləyir?

Gələcəkdə özünüzü necə hiss edəcəyinizi təsəvvür etməyə çalışdığınız zaman düşüncə tərzinizi yönləndirən incə, lakin güclü qərəzlərdən xəbəriniz olmur.
İndi yeni bir reallıq haqqında və günlərin bir günü ofisə, idman zalına və ya teatra təzədən getməyə başlayarkən özümüzü necə hiss edə biləcəyimiz barədə çox söz-söhbət gedir. Bəziləri deyirlər ki, bunlara yenidən qayıdacaqlarını təsəvvür edə bilmirlər, qalsın ki, dolu bir klubda rəqs etmək və ya dostlarını salamlayaraq öpüb qucaqlamaqdan söhbət getsin.
Ancaq gələcəkdə özümüzü necə hiss edəcəyimizi nə qədər dəqiq təxmin edə bilirik? Məlum olur ki, çox da dəqiq deyilik. Bu o deməkdir ki, həyatımızla bağlı heç də həmişə ən yaxşı qərarlar qəbul etmirik.
Gələcəkdə özümüzü necə hiss edəcəyimizi proqnozlaşdırmağa çalışdığımız zaman təbii olaraq keçmişimizdən bələdçi kimi istifadə etməyə çalışırıq. Misal üçün, illər ərzində qatarda yüzlərlə marşrut yerinə yetirməyimizə baxmayaraq, gələn ilin qatar səyahətinin necə olacağını təsəvvür etmək üçün biz istər-istəməz ən son qatar səyahətlərimizi göz önünə gətirməyə çalışacağıq.
Əgər son dəfə qatarda getdiyimiz zaman bir az əsəbi görünən maskalı insanların əhatəsində olmuşduqsa, gələcəkdə qatar səyahəti barədə düşünəndə istər-istəməz məhz bu cür səhnə gözümüz önünə gələcək.
Xroniki baş ağrısı olan xəstələr ağrılarının intensivliyini təsvir etdikdə, daha çox bir gün əvvəl ağrının intensivliyinin necə olduğunun təsiri altında olurlar.
İnsanlardan ertəsi gün spagettinin nə qədər ləzzətli olmasını soruşduqda, onların bu suala təsdiqliyici cavabının ehtimalı həmin anda keçirdikləri aclıq hissinə düz mütənasibdir.
Harvard Universitetinin psixoloqu Dan Gilbert hadisələri nəzərdən keçirərkən insanın hadisəni qavrama prosesində ilk və ən sonuncu hadisələrin təsirinin daha çox təsirə malik olduğunu aşkar edib. Bu, “təsir qərəzi” adlı effekt kimi bilinir və bu da bir hadisənin əsas xüsusiyyətlərində diqqətimizin cəmləşməsinə səbəb olur.
Misal üçün, kənd yerində bir yeməkxanaya gediriksə, gözümüz önündə təbiətə yaxın olan bir yerdə, gözəl bir bağda, açıq havada, günəş işığında yemək yeyəcəyimizi təsəvvür edə bilərik. Amma həmin yerə çatmaq üçün uzun yol getmək, səyahət etmək, həmin yeməkxananı axtarmaq, uzun müddət növbədə durmaq lazım gələcəyi barədə düşünəcəyimiz az ehtimal olunur.
Əgər ertəsi gün birindən spagetti istədiyi soruşularsa, onun bu suala necə cavab verəcəyi nə dərəcədə aclıq hissi keçirdiyindən asılı olacaq
Gələcəkdə bir hadisənin müsbət olacağını gözlədiyimiz zaman diqqəti yaxşı anlara yönəldirik, amma mənfilik ehtimalı olduqda pis anlar gözləntilərimizi alt-üst edir. Misal üçün, diş həkiminə getməklə bağlı hər şeyin dəhşətli olacağını düşünürük, əslində isə ən pis anların sayı cəmi bir neçə ola bilər.
Bu o deməkdir ki, heç nə gözlədiyimiz qədər pis olmur, amma təəssüf ki, düşündüyümüz qədər yaxşı da olmur.
Ancaq təsir qərəzi yanlış qərarlar qəbul etməyə səbəb ola bilər.
Misal üçün, kiçik bir maaş artımına görə iş yerini dəyişməklə həyatımızın dəyişəcəyini düşünə bilərik. Dostlarınız sizi təbrik edəcək, ancaq xoşbəxtliyiniz dərəcəsinin artırmasına gəldikdə, köhnə işinizi sevdiyinizi, ona bələd olduğunuzu, həmkarlarınızla yaxşı dostluq əlaqələri qurduğunuzu nəzərə almaqla, atdığınız addımı uğurlu saymaq bəlkə də çətin olar.
İnsanlar, eləcə də gələcəkdəki duyğularının gücünü yanlış qiymətləndirməyə meyilli olurlar.
ABŞ-dakı tələbələrdən, kollec futbol komandalarının növbəti matçda qazandıqları və ya məğlub olduqları zaman özlərini necə hiss etdiklərini təxmin etmələri soruşulduqda məlum olub ki, onlar əslində öz hisslərinə həmin anda gerçəklikdə olduğundan daha çox əhəmiyyət veriblər.
Bu, ona görə baş verib ki, həmin anlarda azarkeş tələbələr həmin gün bütün digər şeyləri unutduqları kimi özlərini aparıblar.
Lakin tədqiqatçılar eyni təcrübəni tətbiq edərək insanlardan proqnozlarını verməzdən əvvəl gün ərzində baş verən digər hadisələri də təsvir etməyi xahiş ediblər və bu zaman azarkeş tələbələrin gözləntiləri reallığa daha yaxın olub.
Bir çoxumuz diş həkimlərinə baş çəkməkdən qorxuruq, ancaq ağrı anları çox qısa olur
Vacibi olan isə odur ki, bu, spagetti yeməkdən və ya futbol matçını izləməkdən daha ekstermal hadisələrlə də bağlı yarana bilər.
Daniel Gilbert özünün “Xoşbəxtlik üzərində büdrəmə” kitabında,həyatı dəyişdirən hadisələrin sevinc və kədərinə həddən artıq əhəmiyyət verdiyimizi göstərib.
Məsələn, lotereya udmuş bir adam, bütün vaxtını bu hadisəni şampan şüşəsi ilə qeyd etməyə, reklamda iştiraka, idman maşınlarını sınamağa və ya bütün dostlarını tətil keçirməyə çağırmağa sərf etməyəcək.
Və ya qəza nəticəsində əlil olmuş birisi bütün vaxtını baş verənlərlə bağlı şok hissi keçirməyə, yəni evini vəziyyətinə uyğunlaşdırmağa və ya həyatının necə dəyişdiyi üzərində düşünməyə bütün vaxtını xərcləməyəcək.
Hər hansı bir vəziyyəti təsəvvür edərkən insanlar ilkin təsir üzərində fokuslanmağa meyillidirlər, həm də bu hisslərin uzunömürlü olacağını güman edirlər. Onlar yeni şəraitə öyrəşəcəklərini unudurlar. İstər sevinc hissi olsun, istərsə də məyusluq – bu ilkin hisslərdən bəziləri unudulub keçmişdə qalacaq.
Ümumilikdə götürəndə, bu, yaxşı bir cəhətdir. Fizioloji bir immunitet sistemimiz olduğu kimi, psixoloji immunitetimiz də bizi qoruyur. Təhlükəsizliyimizi təmin edən qərarlar qəbul edə bilməyimiz üçün ekstremal amillərə daha çox diqqət verməliyik, lakin yadda saxlamalıyıq ki, qeyd olunan cəhət həm də bizə uyğunlaşmağa, gözlənilməz hadisələrə baxmayaraq işlərimizi davam etdirməyə imkan verir.
London İqtisadiyyat Məktəbinin davranış elmləri üzrə professoru Paul Dolan BBC Radio 4-də müsahibəsində qeyd etdiyi kimi, “həyatda üzləşdiyimiz hadisələrin çoxuna alışırıq və bu, təsəvvür etdiyimizdən daha tez baş verir. Misal üçün, maaş artımından doğan sevinc hissi tez bir zamanda keçib-gedir”.
Çox böyük bir lotereya mükafatı udsanız da belə, həyatınızın hər anında bu hadisəni bayram kimi qeyd etməyəcəksiniz
Məsələn, Sheffield Universitetinin iqtisadiyyat üzrə professoru Jennifer Roberts-in rəhbərliyi altında aparılan araşdırmada uzaq məsafədə yerləşən işə gedib-gəlməyin, xüsusilə evli qadınlar üçün psixoloji baxımdan daha çətin olduğu aşkar edilib.
Daha böyük bir ev almaq üçün iş yerindən uzaqda ev almaq, bəlkə də əlavə otaq təmin edəcək, amma həmin otaqdan yalnız qısa vaxt ərzində istifadə olunacaq, halbuki uzaq məsafədəki işə gedib-gəlməyin çətinliyi hər gün hiss olunacaq.
Gələn il bir çoxumuz pandemiya ilə mübarizə aparan dünyada bir sıra ilkləri yaşayacaq – misal üçün, iş yerinə qayıdarkən və ya bir təyyarəyə minərkən. Psixoloji tədqiqatlardan bilirik ki, ilk anlarda, xüsusən ilk 10 dəqiqə ərzində ən qəribə hisslər keçirilə bilər. Ancaq insanlar daima onları əhatə edən şəraitə uyğunlaşır və biz yeni həyat tərzimizə də tez öyrəşəcəyik.
Odur ki, sonradan yaşananlar o qədər də qəribə görünməyəcək.
Mənbə: BBC

www.yenicag.az

344