Paşinyan hökumətindən NÖVBƏTİ MANİPULYASİYA - RƏY
“Paşinyan hökuməti seçkilərdə səs itirməmək üçün konstitusiyanı Azərbaycanın tələbi ilə deyil, erməni xalqının istəyi ilə dəyişdiriləcəyini göstərməyə çalışır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Deputat Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın şərtini qəbul etmək istəmədiklərini bildirməsini siyasi manipulyasiya adlandırıb:
“Ermənistan konstitusiyasında dəyişikliklər edilməsi və Azərbaycana qarşı olan ərazi iddialarını çıxarması ilə bağlı öhdəçilik götürüb. Sülhün imzalanmaması, məhz paraflanmasına səbəb olan məsələlərdən biri də budur. Məsələ ondadır ki, Ermənistan öz daxili auditoriyasında konstitusiyanın məhz Azərbaycanın tələbi ilə dəyişdirdiyini etiraf etmək istəmir. Belə olan halda Paşinyan hakimiyyətində itaətkar obrazı yaranır. Bu isə seçkilərdə Paşinyanın səs itirməsinə səbəb ola bilər. Ona görə də, Mirzoyan konstitusiyanın dəyişdirilməsinin səbəbi kimi Ermənistandakı daxili zərurəti göstərir və erməni xalqının iradəsinin bu yöndə olduğunu cəmiyyətə təqdim etməyə çalışır. Hər bir halda nəticə nə olursa olsun, səbəb kimi nə göstərilirsə göstərilsin Azərbaycana Ermənistan konstitusiyanın dəyişdirilməsi lazımdır və gec-tez bu baş verəcək!”
Nurlan Cəfəri