!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan “Qərbi Ermənistan” ifadəsinə ETİRAZ EDİR – “Bu həm də Azərbaycana bir mesajdır”

!Reklam – Yazi

“Məsələ burasındadır ki, Qərbi Azərbaycanla bağlı ifadə, faktiki olaraq, Ermənistanın müstəqilliyi haqqında bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları ilə paralel şəkildə təqdim olunmuşdur. Həmin bəyannamə Ermənistanın müstəqilliyini elan etməklə yanaşı, “Qərbi Ermənistan” ifadəsini də daxil etmiş və beləliklə, Azərbaycana qarşı ərazi iddialarını rəsmən təsdiqləmişdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Siyasi təhlilçi Ermənistanın Baş naziri Nikol Paşinyanın rezonansa səbəb olan “Qərbi Ermənistan” ifadəsindən vaz keçilməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, Paşinyan ölkəsinin “İctimai TV” kanalına verdiyi müsahibədə 1990-cı il Müstəqillik Bəyannaməsindəki “Qərbi Ermənistan” ifadəsinin beynəlxalq səviyyədə tanınması haqqındakı çağırışı tənqid edib.

R. Bayramov isə söyləyib ki, N. Paşinyan son dövrlərdə bu məsələyə davamlı şəkildə toxunaraq, Ermənistanın Müstəqillik Bəyannaməsi və Konstitusiyasının qonşu ölkələrə qarşı ərazi iddialarını ehtiva etdiyi üçün ölkənin inkişafı qarşısında ciddi maneə yaratdığını ictimai rəyə çatdırmağa çalışır:

“Son çıxışlarından birində də o, açıq şəkildə bildirdi ki, qonşu dövlətlərə ərazi iddiaları olan bir konstitusiya ilə davam etmək mümkün deyil. Çünki belə yanaşma uzunmüddətli perspektivdə yenidən konfliktlərin yaranmasına səbəb ola bilər. Paşinyan bilir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları saxlanıldığı müddətcə, sülh sazişinin imzalanması praktiki olaraq mümkünsüzdür. Buna görə də ictimai rəyi bu istiqamətdə dəyişdirməyə çalışır. Hərçənd o, açıq şəkildə konstitusiya dəyişikliklərinin zəruriliyini bəyan etmir, lakin bu reallığı qəbul etdiyini göstərir”.

Onun sözlərinə görə, digər tərəfdən, Ermənistan cəmiyyətinin böyük hissəsi bu dəyişikliklərə qarşıdır:

“Bir neçə ay öncə keçirilmiş ictimai rəy sorğularında əksəriyyət konstitusiyanın dəyişdirilməsinə mənfi yanaşdığını ifadə etmişdir. Paşinyan isə ictimai rəyi hazırlamaq üçün bəyanatlarını davam etdirir. Onun əsas mesajı budur ki, əgər dəyişikliklər edilməzsə, Ermənistan zəif qalmağa və xarici dövlətlərdən asılı olmağa davam edəcək. Paşinyanın bu bəyanatları həm də Azərbaycana bir siqnaldır. O, göstərməyə çalışır ki, Ermənistan daxilində müəyyən işlərə başlanılıb, lakin bu prosesi tamamlamaq üçün vaxt lazımdır”.

“Məlum olduğu kimi, Paşinyan konstitusiya dəyişikliyi ilə bağlı referendumun 2027-ci ildə keçiriləcəyini bəyan edib. Lakin bu tarix kifayət qədər gec olduğundan indiki mərhələdə sülh sazişinin imzalanması üçün əlverişli şərait yaratmır. Paşinyanın hazırkı çıxışları həm ictimai rəyi hazırlamağa, həm də Azərbaycana vaxt qazanmağa yönəlmiş bir addım kimi qiymətləndirilə bilər. Bu strategiyanın nə qədər uğurlu olacağı və hansı müddət ərzində nəticə verəcəyi isə hələlik qeyri-müəyyəndir”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

www.yenicag.az

997
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv