!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan yenə də gah nala, gah mıxa VURUR – Bişkek protokolunun BİLİNMƏYƏNLƏRİ

!Reklam – Yazi

“Ümumiyyətlə, Nikol Paşinyanın açıqlamaları, əsasən, daxili auditoriyaya hesablanır və o, bu açıqlamalar vasitəsilə müəyyən siyasi manipulyasiyalar etməyə çalışır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

Siyasi təhlilçi Ermənistanın Baş naziri Nikol Paşinyanın 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra keçmiş Dağlıq Qarabağ və ətraf ərazilərin Azərbaycana qaytarılması məsələsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Qeyd edək ki, Paşinyan açıqlamasında bildirib ki, 1994-cü ildən sonra keçmiş Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı danışıqlar prosesi aparılıb, lakin bu problemin məzmunu daxildə başqa cür təqdim edilib. Baş nazir həmçinin sözügedən kontekstdə çox böyük səhv etdiyini də etiraf edib. O bildirib ki, 2018-ci ildə hakimiyyətə gələndən sonra danışıqların məzmunu ilə tanış olanda həqiqəti xalqa etiraf etməyə milli hisləri imkan verməyib.

S. Kərimlinin fikrincə isə məlumdur ki, bu gün Ermənistanda müxtəlif radikal və separatçı meyllərlə çıxış edən qüvvələr mövcuddur:

“Həmin qüvvələr Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına ciddi maneələr törədir. Nikol Paşinyan isə sabit mövqeyi olmayan, ziddiyyətli bəyanatlarla çıxış edən bir siyasətçidir. Onun istər 1994-cü il danışıqları, istərsə də sonrakı dövrlər və ya hakimiyyətə gəldiyi ilk mərhələdə verdiyi açıqlamalar, əsasən, diqqəti yayındırmağa və daxili auditoriyaya hesablanmışdır. Nikol Paşinyan anlamalıdır ki, məsələ artıq çoxdan həll olunub, qatar çoxdan gedib. Onun hansı bəyanatlar verməsindən asılı olmayaraq, Azərbaycan dövləti öz suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə bərpa edib və Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Bu uğurun mərkəzində Azərbaycanın siyasi iradəsi, qətiyyəti, güclü və praqmatik siyasəti dayanır”.

Analitik əlavə edib ki, N. Paşinyan keçmişdə ilişib qalmaqdansa, irəliyə baxmalı, konstruktiv mövqe sərgiləməli və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına çalışmalıdır:

“Bununla o, öz qətiyyətini nümayiş etdirərək müstəqil siyasət yürütməlidir. Təəssüf ki, biz bu gün bunun şahidi olmuruq. Ermənistan dövləti yenə də xarici təsirlər qarşısında aciz qalıb. Avropa və Qərbin ciddi təzyiqləri fonunda bölgədə təhlükəsizliyin təmin olunmasına töhfə verə bilmir. Ermənistan, həmçinin Azərbaycanın haqlı tələblərini qəbul etməlidir. Bu tələblər arasında, ilk növbədə, konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək, ATƏT-in Minsk qrupunun fəaliyyətinə tamamilə son qoymaq, sərhədlərin qarşılıqlı şəkildə delimitasiya və demarkasiya prosesini həyata keçirmək yer alır. Eyni zamanda, Avropa İttifaqının Ermənistandakı missiyasının çıxarılması təmin olunmalıdır. Hazırda Qərb həmin missiyanın həm tərkibini genişləndirməyə, həm də fəaliyyət müddətini uzatmağa çalışır. Bütün bu məsələlərin həllini tezliklə Ermənistandan gözləyirik. Əgər Ermənistan bu addımları atarsa, təbii ki, bölgəmizdə uzunmüddətli və dayanıqlı sülh yaranar”.

Rafi Müslümov

www.yenicag.az

170
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv