Paşinyanın "nal-mıx" SİYASƏTİ: "Prosesi pozmaq istəyən qüvvələr yenidən Ermənistana təzyiqlər göstərdi"
“Bu gün Ermənistanın siyasi rəhbərliyi də anlayır ki, revanşist qüvvələrə qarşı lazımi addımlar atılmalıdır”.
Bu fikirləri Ermənistana mülki missiya adı altında keçmiş hərbçilərdən ibarət qrup yollayan Avropa İttifaqının indi Azərbaycanla Ermənistan arasında sülhün tez bir zamanda əldə olunması üçün təşəbbüs irəli sürməsinin pərdəarxası mahiyyətindən danışan Milli Məclisin deputatı Naqif Həmzə Yenicag.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, ötən beş il ərzində Ermənistan havadarlarının birbaşa müdaxiləsi nəticəsində sülh yolundan uzaqlaşdırılıb:
“Xüsusilə də həmin müddətdə Fransanın həyata keçirdiyi siyasət diqqət çəkir. Məhz Fransanın dəstəyi ilə Avropa İttifaqının müşahidə missiyası Azərbaycan-Ermənistan şərti sərhədinə gətirildi və Azərbaycanın razılığı olmadan fəaliyyətə başladı.
Bu missiya üzərinə götürdüyü neytral müşahidə funksiyasından kənara çıxaraq bölgədəki vəziyyəti daha da gərginləşdirdi. “Binokl diplomatiyası” siyasəti yeridildi və sülhün reallaşmasına əngəllər yaradıldı.
Missiyanın mandatının daha sonra 2027-ci ilə qədər uzadılması da Azərbaycanla razılaşdırılmadan həyata keçirildi. Azərbaycan bu missiyanın fəaliyyətini nə dəstəkləyib, nə də qəbul edib. Ermənistan missiyanın fəaliyyətini dayandırmalıdır.
Xüsusilə də sülh sənədinin Vaşinqtonda paraflanmasından sonra ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması Azərbaycanın əsas şərtlərindən biri idi. İnanırıq ki, Avropa İttifaqı müşahidə missiyası da gec-tez fəaliyyətini dayandıracaq.
Çünki Azərbaycan heç bir vasitəçi olmadan, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı birbaşa razılıq əldə edib. Artıq Qazax rayonunun işğal altında olan kəndlərinin geri qaytarılmasına da şahidlik etdik. Lakin sonradan prosesi pozmaq istəyən qüvvələr yenidən Ermənistana təzyiqlər göstərdi. Onu birbaşa təmasdan çəkindirdi və nəticədə proses bir qədər uzandı.
Azərbaycanın sülhə məcbur etmək siyasəti öz nəticəsini verdi. Vaşinqton görüşündə üç lider tərəfindən imzalanan ortaq bəyanat göstərdi ki, sülh sənədi paraflandı. Həmçinin Zəngəzur dəhlizi ilə bağlı irəliləyişlər əldə edildi. Bu layihə tezliklə reallaşacaq və Azərbaycanın öz ərazisindən öz ərazisinə maneəsiz hərəkəti hüququ tam şəkildə təmin ediləcək.
Avropa İttifaqının prosesə verdiyi reaksiya da göstərir ki, artıq onlar geridə qaldıqlarını anlayıblar. Azərbaycan-Ermənistan sülhü reallaşmağa çox yaxındır. Artıq həmin prosesin alternativi yoxdur.
Bu baxımdan, Azərbaycan tərəfindən zamanında verilən qətiyyətli açıqlamalar və ortaya qoyulan aydın mövqe indi də qüvvədədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prosesləri qabaqlaya bilməsi və diplomatik məharəti nəticəsində atılan addımlar bu gün dünya tərəfindən qəbul olunur.
Ermənistanın havadarları və ona süni şəkildə “cəsarət” verən qüvvələr “şahmat oyunu”nda artıq kənarda qalmağa məcbur olublar. Prezident İlham Əliyevin atdığı düzgün addımlar sübut etdi ki, bölgədə söz sahibi Azərbaycandır və Azərbaycan sülh istəyir. Eyni zamanda, Ermənistana da sülh lazımdır.
Bu gün Ermənistanın siyasi rəhbərliyi də anlayır ki, revanşist qüvvələrə qarşı lazımi addımlar atılmalıdır. Çünki həmin qüvvələrin heç bir gələcəyi yoxdur. Prezidentimiz müxtəlif platformalarda bu qüvvələrə aydın mesajlar verib və açıq şəkildə göstərib ki, Azərbaycan öz suverenliyini qorumaq və möhkəmləndirmək gücündədir. Bu reallıqları Azərbaycan özü yaradıb və bundan sonra da gücünə güc qatmaqda davam edəcək”.
Nəsimi Ələsgərli