Professorun arzuları - Etibar Cəbrayıloğlu yazır

media-hightechnic-468x90

Hamı aprelin 1-ni gözləyir… Gülüş günüdür axı. Adına aldatdı günü də deyirlər bəzən. Gülmək də, zarafatlaşmaq da lazımdı, həyatda bəzən onlarsız keçinmək olmur. Amma aldatmaq… bu məsələ bir az qəlizdir…

Aprelin 1-də o qədər ciddi hadisələr olub ki. Biri elə əziz dostum Çingiz Abdullayevin 65 il əvvəl bu gözəl dünyaya gəlişi. Daha ətraflı təqdim edim ki, yəqinlik hasil olsun. Söhbət tanınmış alim, ictimai xadim, professor, texnika üzrə fəlsəfə, kulturologiya üzrə elmlər doktoru, Sülh səfiri, Alman-Azərbaycan Cəmiyyətinin yaradıcısı və sədri, “Tərəqqi” medallı Çingiz Abdullayevdən gedir.


Çingiz Abdullayev

Bu il aprelin 1-i Çingiz Əli oğlu üçün xüsusi ilə əlamətdardır, çünki dəyərli dostumun 65 yaşı tamam olur. Tanınmış alim və ictimai xadimin elmi-pedaqoji fəaliyyətindən, qazandığı nüfuzdan, tutduğu ziyalı mövqeyindən çox danışmaq, ətraflı yazmaq olar. Buna yetərincə əsas da var. Axı Çingiz Abdullayev bu 65 ildə Azərbaycan elminin inkişafı, ölkəmizin dünyada tanıdılması üçün çoxlu işlər görüb, diaspora hərəkatının pionerlərindən biri kimi yorulmadan fəaliyyət göstərib və bu məsələdə yenə də ön cərgələrdədir. Yola saldığı illər ərzində elmi dəyəri olan məqalələr qələmə alıb, təkcə Azərbaycanda deyil, Almaniyada, İngiltərədə, Türkiyədə kitablar çap etdirib. Müxtəlif illərdə və dillərdə işıq üzü görən “Almanlar Azərbaycanda”, “Almaniya-Azərbaycan əlaqələri”, “Azərbaycan odlar yurdu”, “Məhəmməd Əsəd Bəy (Qurban Səid)”, “Neft bumu və futbol”, “Dədəm Qorqud yollarında”, “Tağıyev. Lindley. Şorlar-100”, “Almaniyada Cümhuriyyət arzusu”, “Birlikdə-Zusammen.30+30”… zəhmət, fədakarlıq, vətəndaş təəssübkeşliyi ilə ərsəyə gələn sanballı nəşrlərdir.

Professorun kitablarından söhbət düşmüşkən, son illərdə nəşr etdirdiyi iki əsəri xüsusi vurğulamaq yerinə düşər. Söhbət ciddi elmi araşdırmalara əsaslanan “Kardaş ülkeler” və türk və ingiliscə nəşr olunan “Türkiyənin multikultural mühiti” kitablarından gedir. Bu əsərlərin qardaş Türkiyədə dövlət rəsmilərinin, nüfuzlu elm xadimlərinin iştirakı ilə düzənlənən təqdimat mərasimlərində kitablar və onun müəllifi barədə səsləndirilən fikirləri ilə tanış olarkən həqiqətən də qürur hissi keçirmişəm.

Çingiz Abdullayev gerçək elm adamı, fədakar araşdırmaçı olaraq sənədli kinomuzda da imzasını qoymağı bacarıb. Məsləhətçi və ssenari müəllifi kimi bir çox maraqlı sənədli filmlərin ərsəyə gəlməsində zəhmət sərf edib. Tanınmış alimimizin kinoda səmərəli fəaliyyəti barədə Əməkdar incəsənət xadimi Elçin Musaoğlu, Tahir Tahiroviç, Rahim Telman Sadıqbəyli kimi bu sahənin peşəkarları yəqin ki, daha dolğun fikir bildirə bilərlər.

Əsl alimin, ziyalı və ictimai xadimin missiyası təkcə problemləri görmək, elmi əsaslarla araşdırmaq deyil, həm də vəziyyətdən çıxış yolunu göstərməkdir. Professor Çingiz Abdullayev bu missiyanı da ləyaqətlə və bacarıqla həyata keçirir. O, mədəniyyətimizin tanıdılması, Azərbaycanın multikultural mühitinin tədqiqi və təbliği, almanların ölkəmizdə yaşadıqları məskənlərin araşdırılması, diaspora quruculuğu sahəsində davamlı, ardıcıl işlər görməklə yanaşı, problemləri də göstərir, bu sahələrin daha da inkişaf etdirilməsi üçün faydalı təkliflər irəli sürməklə çıxış yolları da göstərməyi bacarır. Fikrimcə sadalanan sahələrin inkişaf etdirilməsində dəyərli alimin təcrübəsindən, bilik və bacarığından düzgün istifadədə fayda var.


Çingiz Abdullayev Nobel mükafatçısı Aziz Sancarla

Əslən Qərbi Azərbaycandan olan Çingiz bəy bu gün Qərbi Azərbaycan İcmasının xətti ilə keçirilən tədbirlərdə fəal iştirak edir, gənclərimizlə görüşlərdə qədim yurd yerlərimizin tarixindən danışır, tarixi məskənlərimizə qayıdışın zəruriliyi ilə bağlı söhbətlər aparır.

Əziz dostumun insani keyfiyyətləri barədə saatlarla danışmaq, silsilə məqalələr yazmaq olar. Çingiz bəy dost saydığı insanlara qarşı çox sədaqətli, inanılmaz dərəcədə diqqətlidir. Dostlarının hər uğuruna ürək genişliyi ilə sevinməyi bacarır. Alman-Azərbaycan Cəmiyyətinin qurucusu və sədri kimi həyatda da alman dəqiqliyi ilə seçilir.

Bu gün 65 yaşını qeyd edən professor Çingiz Abdullayevin bir alim kimi Azərbaycanımızın elmi potensialının, qədim tarixə malik mədəniyyətinin dünyada tanıdılması, diaspora daha da güclənməsi, bir ata kimi isə övladları Fərhadla Leylinin xoş gələcəyi ilə bağlı çoxlu arzuları var. İnanıram ki, əziz dostum bu istəklərini həyata keçirməyi bacaracaq inşallah.

65 yaşın mübarək, professor!


Çingiz Abdullayev Etibar Cəbrayıloğlu ilə

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600