Xamenei üçün son seçim: getmək, yoxsa vurulmaq? – ABŞ İranı mühasirəyə alır
ABŞ prezidenti Donald Tramp yenidən İrana qarşı hərbi təhdid dilinə qayıdaraq, Amerika hərbi donanmasının İslam Respublikasına doğru hərəkət etdiyini açıqladı. Bu bəyanat Tramp administrasiyasının son aylarda səssiz qaldığı İran mövzusunda yeni mərhələnin başlandığını göstərir.
Amerikalı rəsmilərin verdiyi məlumata görə, sözügedən donanma İbrahim Linkoln”aviadaşıyıcısından və idarəolunan raketlərlə təchiz edilmiş bir neçə esminesdən ibarətdir. Donanmanın yaxın günlərdə Yaxın Şərqə çatacağı bildirilir. Bununla paralel olaraq, bölgədə yerləşən ABŞ bazalarına qarşı mümkün İran hücumlarının qarşısını almaq üçün əlavə hava hücumundan müdafiə sistemlərinin göndərilməsi də müzakirə olunur.
Bu hərbi hərəkətlilik Tramp administrasiyasının son etirazlar zamanı İrana birbaşa zərbə endirməməsinin səbəblərinə də müəyyən aydınlıq gətirir. Məlum olur ki, Səudiyyə Ərəbistanı, Qətər və Oman kimi regional aktorların vasitəçiliyi ilə güclənən bu imtinanın əsas səbəbi, ABŞ-ın İranın mümkün cavab hücumlarına qarşı yetərli hərbi hazırlığının olmaması idi.
Lakin etirazların zorla yatırılmasından sonra yaranan yeni vəziyyət mümkün bir zərbənin mahiyyətini də dəyişir. İndi gündəmdə olan ssenari rejimi tam devirməkdən daha çox, onu Amerika şərtlərinə tabe etdirməyə yönəlmiş mərhələli təzyiq strategiyası kimi görünür.
Məhz bu səbəbdən, ABŞ-ın İrana zərbə endirmə ehtimalının artması artıq regional nüfuz dairəsi getdikcə daralan İslam Respublikası rəhbərliyində ciddi narahatlıq yaradır. Bu daralma 2023-cü ildən etibarən şimaldan başlayıb. Azərbaycanın Qarabağ bölgəsində nəzarəti tam bərpa etməsi və bölgədə yeni reallıqların formalaşması Cənubi Qafqazda balansı dəyişdi.
Bu proses Vaşinqtonun da bölgəyə daha açıq şəkildə daxil olması ilə davam etdi. Ötən ilin 8 avqustunda ABŞ paytaxtında Azərbaycan və Ermənistan liderlərinin görüşünə ev sahibliyi edilməsi və bunun nəticəsində ortaya çıxan “Trampın beynəlxalq sülh və rifah dəhlizi” layihəsi İranın şimal sərhədlərində Amerika mövcudluğunu faktiki olaraq möhkəmləndirdi.
Eyni vaxtda Yaxın Şərqdə baş verən hadisələr də İranın mövqelərini zəiflətdi. “Həmas”ın 7 oktyabr 2023-cü ildə başladığı “Əl-Əqsa tufanı” əməliyyatı domino effekti yaratdı. Qəzzada və Livanda “Hizbullah”ın ağır zərbələr alması, Suriyada isə Bəşər Əsədin devrilməsi İranın ərəb Maşrıq bölgəsində qurduğu hegemonluğun ciddi şəkildə sarsılmasına səbəb oldu.
Bu zəifləmə prosesinin zirvə nöqtəsi isə 2025-ci ilin iyununda ABŞ–İsrailin İrana qarşı həyata keçirdiyi hücum oldu. Həmin zərbə İranın toxunulmazlıq mifini regional və qlobal miqyasda faktiki olaraq dağıtdı.
Təsadüfi deyil ki, İran rəhbərliyi paralel olaraq Venesuelada baş verənləri də diqqətlə izləyir. ABŞ ötən ilin avqustundan etibarən Karib dənizinin cənubunda hərbi yığıncaq və faktiki mühasirə ilə Venesuelanı sıxışdırdı. Bu ayın əvvəlində isə qəfil əməliyyatla prezident Nikolas Maduronun ələ keçirilməsi ölkə rəhbərliyində kəskin dəyişikliklərə yol açdı.
Aydındır ki, Vaşinqton Venesuela presedentinin yaratdığı psixoloji effektdən İrana qarşı da istifadə edir. Prezident Məsud Pezeşkianın “Xameneinin öldürülməsi İran xalqına qarşı ümumi müharibə sayılacaq” bəyanatı və parlamentin Milli Təhlükəsizlik Komitəsinin bunu “ABŞ-a qarşı qlobal cihad fətvası” ilə əlaqələndirməsi bu qorxunun açıq göstəricisidir.
Bütün bu proseslər fonunda Amerika hərbi donanmasının hərəkətə keçməsi İranı son dərəcədə çətin seçim qarşısında qoyur. Təhlükəsizlik qüvvələri etirazları müvəqqəti olaraq yatırsa da, sosial partlayış riskinin aradan qalxdığını demək çətindir. Bu partlayış ya böyük Amerika zərbələri nəticəsində, ya da rejimin ABŞ şərtlərinə boyun əyməsi fonunda baş verə bilər.
Xüsusilə də İranın dərin iqtisadi və siyasi islahatlara ehtiyac duyduğu bir dövrdə mühafizəkar dairələrin bu dəyişikliklərə müqavimət göstərməsi rejimin manevr imkanlarını daha da daraldır.
Nəticə etibarilə, hərbi donanmanın bölgəyə göndərilməsi və İrana zərbə ehtimalı İslam Respublikasının həm daxildə, həm də xaricdə nüfuzunun sistemli şəkildə azalması prosesini sürətləndirir.
Xamenei hələ də inanır ki, Mehdi gələcək və onu xilas edəcək. Lakin İran elitası artıq anlayır ki, gizli xilaskar gəlməyəcək — gələnlər Amerika gəmiləridir.
Məhz buna görə də Tehrana açıq mesaj verildiyi deyilir: “Sən get, rejim qalsın.” Bu isə Əli Xameneinin kənarlaşdırılması ssenarisini real müzakirə mövzusuna çevirir.
Hətta elə bir ehtimal da istisna edilmir ki, proses rejimin daxilindən idarə olunsun və ölkə bir səhər “Xamenei vəfat etdi” xəbəri ilə oyansın.
İranın ətrafı addım-addım mühasirəyə alınıb. Bu gəmilər təsadüfən göndərilmir, milyardlarla dollar xərclənir və bu, sadəcə gözdağı deyil.
Üstəlik, Tramp administrasiyası İranın maliyyə və siyasi qazanc yollarını da kəsib. Fələstin kartı artıq əvvəlki kimi Tehranın əlində təsir aləti deyil və bu sahə faktiki olaraq onun nəzarətindən çıxıb.
İndi proses yeni mərhələyə qədəm qoyub: İran əleyhinə qlobal dəstək formalaşdırılır və Tehran getdikcə daha çox tək qalır.
Amerikanın şərti isə dəyişməzdir: ya Əli Xamenei hakimiyyətdən gedir, ya da İran hərbi zərbə ilə üzləşir.
Hazırda Xameneiyə yönələn əsas təzyiq də məhz budur — şəxs getsin, sistem dağılıb nəzarətdən çıxmasın. Mesaj açıqdır və zaman İranın əleyhinə işləyir.
Qeyd edək ki, aksiyaların ilk günlərində “Yeni Çağ” ABŞ-ın İrana qarşı Venesuela modeli üzərində durduğunu yazmışdı. O günlərdə bu versiya o qədər də rəğbət görməsə də, hazırda oxun bu versiyanın üzərində dayandığını görürük.
“Yeni Çağ” Təhlil Qrupu












