Hədəfə daha dəqiq atəş açan italyan atıcı Katuskia Spada Dünya Kubokunun ilk qızıl medalçısı olub
Qəbələ atıcılıq üzrə növbəti mötəbər beynəlxalq yarışa ev sahibliyi edir. Apasport.az saytının məlumatına görə, Qəbələ Atıcılıq Klubunun təşkilatçılığı ilə keçirilən Dünya Kubokuna (İSSF WORLD Cup) bu gün start verilib. İlk gündə qadınlar Skit növü üzrə yarışda mübarizə aparıblar. 62 idmançının qatıldığı yarışda Azərbaycanı Nurlanə Cəfərova və Sevda Mustafayeva təmsil ediblər. Üç mərhələnin cəmində 49 xal toplayan Mustafayeva 60-cı yerdə qərarlaşıbsa, Cəfərova 64 xalla 37-ci ola bilib. Hər iki idmançımız final mərhələsinə vəsiqə qazana bilməyib.
Final yarışı italiyalı Katuskia Spada ilə ABŞ atıcısı Morqan Kraft arasında baş tutub. Hədəfə daha dəqiq atəş açan italyan atıcı Dünya Kubokunun ilk qızıl medalçısı olub. Kraft da öz növbəsində gümüş medala sahib çıxıb. Bürünc medal uğrunda mübarizədə isə Aleksandra Yarmolinskanı (Polşa) üstələyən böyük britaniyalı Hill Amber yarışı 3-cü pillədə başa vurub. Qeyd edək ki, Qəbələdə keçirilən Dünya Kuboku gələn il Rio-de-Janeyroda baş tutacaq Yay Olimpiya Oyunlarına 34 lisenziya verir. Bu günkü yarışda ilk iki yeri tutan Spada və Kraft Olimpiadada iştirak etmək hüququ qazanıblar(APA).