Qarabağ Bloku toplandı

51190Noyabrın 26-da Ümid Partiyasının Mərkəzi Qərargahında Qarabağ Bloku növbəti toplantısını keçirib.
Məlumata görə, toplantıda bələdiyyə seçkiləri, ölkədə davam edən həbslər və repressiyalar, 2015-ci il Azərbaycan büdcəsi, Ermənistana məxsus vertolyotun hərbiçilərimiz tərəfindən məhv edilməsi ilə bağlı ATƏT-in Minsk qrupunun sərgilədiyi mövqe, Dağıstanda azərbaycanlılara qarşı aparılan təzyiqlər və ayrıseçkilik, İran prezidentinin Azərbaycana son səfəri və digər məsələlər müzakirə olunub.

Blok üzvləri 23 dekabrda keçiriləcək Bələdiyyə seçkilərinin qeyri-demokratik şəraitdə keçirildiyini qeyd ediblər. Bildirilib ki, əvvəlki bələdiyyə seçkilərində olduğu kimi bu il də Ümid Partiyasından Bələdiyyə seçkilərində namizəd olacaq partiya üzvlərinə qarşı total hücumlar edilib. Namizədlərin evlərinə polis göndərilib, namizədliklərini irəli sürməmək üçün onların qohumlarına, ailə üzvlərinə və özlərinə təzyiqlər edilib. Seçkilərdə israrla iştirak etmək istəyənlərin isə çoxunun namizədliyi qeydə alınmayıb. Digər müxalifətdən olan namizədlər üçün də analoji hal baş verib. Blok üzvləri baş verənləri qəti şəkildə pislədilər və ciddi qanun pozuntusu olduğunu, seçkilərin nəticələrinin indidən şübhə altına alındığını, bu cür hadisələrin seçki porsudurlarının sıradan çıxarılmasına xidmət etdiyini bildirdilər, hakimiyyəti qanun pozuntularını dayandırmağa, normal seçki mühitinin yaradılması istiqamətində ciddi addımlar atmağa çağırdılar.

Tədbirdə son günlər Naxçıvanda AXCP fəalı hicran Qasımovun, AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirlinin, Vəkil Elçin Namazovun və AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusiflinin həbsi qəti şəkildə pislənildi. Qeyd edildi ki, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin bağlanması, AB-yə daxil olan dövlətlərin diplomatik korpuslarının demokratik güclərlə əməkdaşlığının zəifləməsi repressiya və həbslərə, müxalifətin zəifləməsinə və demokratiyanın geriləməsinə səbəb olub. Blok üzvləri hakimiyyəti insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməyə, siyasi sifarişli təqib və həbsləri dərhal dayandırmağa, Həbs olunanların barəsində seçilmiş həbs qəti-imkan tədbirinin dəyişdirilməsinə, istintaqın ədalətli və şəffaf aparılmasına çağırıb.