Neftçalada Ulu Öndərin anadan olmasının 102 illiyi qeyd olundu - FOTOLAR
Neftçala rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyevin dövlət quruculuğu siyasəti” mövzusunda konfrans keçirilib.
Yenicag.az xəbər verir ki, konfransda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı, Günay Ağamalı, Konstitusiya Araşdırmalar Fondunun Prezidenti, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Öncə konfrans iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər və Neftçala rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən guşəyə baxış keçiriblər.
Konfransda Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

Konfransda çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov öz xalqına arxalanan, dövlətin ali məqsədlərini qanunun aliliyi ilə təmin etməyi hər şeydən üstün tutan Ümummilli Lider Heydər Əliyevin müxtəlif istiqamətlərdəki yorulmaz fəaliyyətindən bəhs etdi, Ulu Öndərin xilaskarlıq missiyasından, ölkəmizdə dövlətçilik ənənələrinin və demokratik cəmiyyətin bərqərar olmasında misilsiz xidmətlərindən söz açdı. RİH-nin başçsı çıxışında müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxması, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hazırkı dönəmdə də Heydər Əliyev ideyalarından ilham alaraq inkişafı və daha da güclənməsi, işğaldan azad edilmiş torpaqlarda geniş quruculuq işlərinin aparılması barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonra konfransda iştirak edən Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı “Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi”, Milli Məclisin deputatı Günay Ağamalı “Heydər Əliyev və gənclər siyasəti”, Konstitusiya Araşdırmalar Fondunun Prezidenti, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev “Heydər Əliyev və hüquqi islahatlar”, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı “Azərbaycanın müstəqil xarici siyasət quruculuğunda Heydər Əliyev strategiyası” mövzusunda konfrans iştirakçıları qarşısında çıxış edib, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edərək , bütün ömrünü Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin parlaq ideyalarının və əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində bundan sonra da yaşayacağını diqqətə çatdırıblar.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğuna həsr edilmiş video-çarx nümayiş olunub. Konfransa Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin hazırladığı musiqili konsert proqramı ilə yekun vurulub.
