Qarabağ Zəfəri DƏRSLİKLƏRDƏ: “Hərbçilər məktəblərdə dərs deməlidirlər”

media-hightechnic-468x90

İkinci Qarabağ müharibəsinin yekunlaşmasından artıq 5 il keçib. Lakin buna baxmayaraq, Vətən müharibəsinin məktəblərdə tədris proqramlarına daxil edilməsi, məktəblərdə keçirilən hərbi hazırlıq dərslərinin zəif olması, şagirdlərin silahla davranmaq bacarıqlarının isə ümumiyyətlə, olmaması acı reallıq olaraq qalmaqdadır. Gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində dövlət siyasəti həyata keçirilsə də, aidiyyəti qurumların bu məsələdə daha ciddi addımlar atmasına ehtiyac var.

Məsələ ilə bağlı Yenicag.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, müharibə təcrübəsi olan şəxslərin məktəblərdə tədris prosesinə cəlb edilməsi vacibdir:

media-4rvnb6l1yigkbw8wa3uu

“Əlbəttə ki, müharibə təcrübəsi olan insanların burada ekspert və hərbi şəxslərin, yəni keçmiş hərbçilərin iştirakı vacibdir. Orada zabit də, gizir də, müddətdən artıq xidmət edən hərbi qulluqçu da ola bilər. Onların məktəblərdə tədris proseslərinə cəlb edilməsi çox maraqlı və gözəl ideyadır, gözəl təklifdir. Bu istiqamətdə bəzi addımlar atılıb. Amma hesab edirəm ki, bu addımlar daha çox olmalıdır. Çünki adıçəkilən kateqoriyadan olan insanlar təcrübəli insanlardır. Onların həm həyat, həm hərbi təcrübəsi var. Müharibə, həyatın ağrı-acısından keçiblər. Ona görə də onların məktəblərdə tədris prosesinə cəlb edilməsi yalnız xeyir gətirə bilər. Gənc nəslə də çox şey öyrədə bilərlər. Mən buna həmişə müsbət yanaşmışam”.

Ekspert əlavə edib ki, bu, yalnız tədrislə məhdudlaşmamalıdır:

“Bu, təkcə onların məktəblərdə tədris prosesinə cəlb olunması ilə bitməməlidir. Mən həmişə bu insanların icra strukturlarında da təmsil olunmasını arzulamışam. Çünki postsovet ölkələrində ağır sahələrdə çalışmış insanlar sonradan öz vilayətlərində, şəhərlərində yüksək vəzifələrə təyin olunurlar. Onlar yüksək vəzifəyə təyin olunanda artıq geniş bilik və bacarıqlara sahib olduqları üçün onlara tapşırılan işin öhdəsindən ustalıqla gələ bilirlər. Burada yalnız tədrislə kifayətlənmək olmaz. Mən hesab edirəm ki, onlar gənclər üçün bir örnəkdir. Təcrübəli şəxslərin dərs keçməsi, rəhbərlik etməsi, öncüllük göstərməsi gənclər üçün böyük tərbiyəvi əhəmiyyət kəsb edir. Həm də hərbi-vətənpərvərlik ruhunun gücləndirilməsi, yaşadılması baxımından bu, çox önəmlidir”.

Üzeyir Cəfərov qeyd edib ki, bu istiqamətdə Elm və Təhsil Nazirliyi güc strukturları ilə sıx əməkdaşlıq etməlidir:

“Tutaq ki, 2026-cı ildə 20 nəfər zabit – hərbi hissə komandiri, texnika üzrə və ya siyasi məsələlər üzrə mütəxəssis – tərxis olunmağa hazırlanır. Elm və Təhsil Nazirliyi həmin şəxsləri əvvəlcədən qeydiyyata almalı, xidmətdən sonra onları dəvət etməli, onlarla söhbət aparmalıdır ki, biz sizin həyat və hərbi təcrübənizin məktəblərdə, ali məktəblərdə, orta ixtisas məktəblərində davam etməsini istəyirik. Bu, həm tədris, həm də ölkəyə fayda gətirə biləcək bir yanaşmadır”.

Hərbi ekspert əlavə edib ki, güc strukturlarında müxtəlif sahələr üzrə ixtisaslaşmış kadrların təcrübəsindən də geniş şəkildə yararlanmaq mümkündür:

“Ümumiyyətlə, bizim hərbi həkimlər var. Onlar Səhiyyə Nazirliyi və ya TƏBİB vasitəsilə az miqdarda da olsa proseslərə cəlb olunurlar. Amma daha geniş istifadə edilməlidir. Digər sahələr də var – Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Rəqəmsal İnkişaf və Yüksək Texnologiyalar Nazirliyi. Güc strukturlarında təkcə Müdafiə Nazirliyi yox, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Fövqəladə Hallar Nazirliyi və digər qurumlar fəaliyyət göstərir. Orada rabitəçilər, informasiya texnologiyaları ilə çalışan zabitlər var. Onları da rahat şəkildə tədrisə və gənclərlə işə cəlb etmək olar. Ona görə sizə təşəkkür edirəm ki, bu vacib məsələni gündəmə gətirirsiniz. Çünki məmurların çoxu bu məsələlərin əhəmiyyətini anlamır. Amma media bu cür məsələləri işıqlandıranda onların da diqqətinə çatır və anlayırlar ki, bu, çox gərəkli işdir. Dövlətimiz yüzlərlə, minlərlə gənci ali təhsil müəssisələrinə qəbul edir, amma sonradan işsiz qalırlar. Halbuki biz bu kadrlardan istifadə etsək, onların bilik və bacarığı ölkəyə böyük fayda gətirəcək. Mən şəxsən bu məsələyə bu prizmadan yanaşıram”.

Məsələ ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri isə bildirib ki, Qarabağ zəfərinin dərsliklərdə daha geniş şəkildə əksini tapması vacibdir:

media-elminnuri1

“İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi zəfər, qazandığımız suverenlik və azad etdiyimiz torpaqlarla birlikdə qazandığımız qalibiyyət əzmi mütləq öz əksini dərsliklərdə də tapmalıdır. Sevindirici haldır ki, bu əsnada vaxt itirilmədən vacib bir addım atıldı – “Zəfər tarixi” dərsliyi ayrıca olaraq hazırlandı və orada 44 günlük Qarabağ zəfəri ilə bağlı bilgilər şagirdlərlə çatdırıldı. Lakin işin milli birlik və vətənpərvərlik hissinin daha da gücləndirilməsi, qalibiyyət əzminin, Zəfər ovqatının əvvəlki gücündə qorunub saxlanılması üçün məktəblilərə ünvanlanmış əlavə proqramlar da həyata keçirilməlidir”.

Elmin Nuri əlavə edib ki, gələcəkdə Vətən müharibəsi ilə bağlı daha çox ədəbi nümunələrin dərsliklərə salınması zəruridir:

“Məsələn, “Zəfər tarixi” dərsliklərində növbəti illərdə Vətən Müharibəsi ilə bağlı çox yaxşı ədəbi nümunələr – roman, hekayə, esse, publisistik əsər, o cümlədən, şeir və s. – öz əksini tapmalıdır. Bu gün biz o istiqamətdə kəmiyyət və keyfiyyət məsələləri ilə bağlı çox işlər görməliyik. Qarabağ zəfəri təkcə tarix deyil, həm də ədəbiyyat dərsliklərində də əks olunmalı və şagirdlərin milli yaddaş sistemində, şüuraltısında həm də o aspektdən özünə yer etməlidir. Amma çox heyf ki, bu istiqamətdə dərsliklərdə əksini tapacaq nümunələr arasında ən yaxşıları seçilərək şagirdlərə təqdim olunmayıb. Doğrudur, tarixi zəfərimizlə bağlı hələ də cəmiyyəti silkələyən roman, film olmasa da, şeir, hekayə kimi kiçik janrlardan olan nümunələrə rast gəlmək mümkündür. Onlar ədəbiyyat dərsliklərində mütləq şagirdin qarşısına çıxmalıdır. Üstəlik, Azərbaycan dili və Həyat bilgisi kimi fənlərdə onların profil və tələbləri nəzərə alınmaqla bu mövzuya aid mətnlər təqdim olunmalıdır”.

Məsimə Məmmədova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusu üzrə dərc olunub.

media-medialogo

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa